Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilmişdi.
Eyni zamanda qeyd edilirdi ki, məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.
Xatırladaq ki, bir müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Müşfiqabad qəsəbə məscidində yoxlamalar aparılması və fəaliyyətində bir sıra qanunsuzluqlar aşkarlanmışdı. Həmçinin Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının iclasında adıçəkilən məsciddə radikal dindarların Suriyaya döyüşlərə cəlb olunduqları ilə bağlı fikirlər səslənmişdi.
Bu gün isə məscidin yeni dini icmasının təsis iclası keçirilib. İslam.az-ın təsis iclasında iştirak edən müxbirinin verdiyi xəbərə görə, bir sıra çıxışlardan sonra İrşad Süleymanov Müşfiqabad dini icmasının sədri, Şaiq Əliyev isə məscidin imamı seçilib. Eyni zamanda dini icmanın yeni heyyəti də formalaşıb.