Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar üçün sənəd qəbulunun müddəti daha bir neçə gün uzadılıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, sənəd qəbulu üçün elan olunan vaxt noyabrın 1-də başa çatsa da, yerlər dolmadığına görə müddətin uzadılması qərara alınıb.
R.Dadaşova zəvvarların sənədlərinin hələ bir neçə gün qəbul ediləcəyini deyib. Onun sözlərinə görə, zəvvarların ilk partiyası noyabrın 10-11-də avtobusla Həccə yola salınacaq. Noyabrın ikinci ongünlüyündə isə təyyarə ilə Həccə gedəcək zəvvarlar Məkkəyə göndəriləcək.