Əgər...
Xocalı soyqırımından 22 il ötür. Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs razılaşmasının əldə olunmasından isə 20 il keçdi. Bu illər ərzində ermənilər tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasına dair müxtəlif səviyyədə və müxtəlif vasitəçilərin yardımı ilə çox sayda danışıqlar aparıldı. Amma, göründüyü kimi, nəticə “sıfır”a bərabərdir. Aydın məsələdir ki, nə vaxtsa (5, 10, bəlkə də 20 ildən sonra da ola bilər) Azərbaycan öz əzəli torpaqlarını geri qaytarmaq üçün ölüm-dirim savaşına başlayacaq. Əlbəttə ki, bunun üçün münbit şərait yarandıqda. Amma kim bilir, bəlkə elə bu şərait bir neçə gündən və ya aydan sonra yaranacaq? Bəlkə elə sabah Ali Baş Komandanın hücum əmri gələcək? Bəs hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olması, başqa sözlə desək, İslam faktoru, müharibənin gedişatına nə kimi təsir göstərəcək?
Nəzəriyyə
Ermənistan-Azərbaycan münaqişəsini dini çalarla təsvir etmək böyük səhv olardı. Əslində, bu belə də deyil. Digər tərəfdən isə, belə addım atılması Azərbaycanın əvvəlcədən məğlubiyyətə uğraması demək olardı. Amma bu da faktdır ki, sabah irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə səngərin bizə aid olan hissəsində müsəlmanlar yer alacaqlar. Burda da dinimizdə şəhidlik fəlsəfəsi, vətənə sevgi, İslamın cihad haqqında nəzərləri mütləq şəkildə şəxsi heyyətin ruhlandırılmasında, mənəvi cəhətdən hazırlanmasında müstəsna rol oynamalıdır. Başqa cür ola da bilməz. Çünki İslam artıq hər bir azərbaycanlının qanına hopmuş, dini amildən artıq daha çox milli-mənəvi dəyərə çevrilmişdir. Amma bu, bir nəzəriyyədir. Bəs praktikada necə alına bilər?
“Xortdanlar”
Bu gün Suriyada gedən döyüşlərdə kifayət qədər azərbaycanlı vuruşur və həlak olur. Bu bir faktdır və bunu inkar etmək mümkünsüzdür. Bu da bir faktdır ki, uzaq məmləkətdə canlarından keçənlər radikal sələfi qoluna mənsub həmvətənlərimizdir. Burda qalan əqidə qardaşları nə qədər Suriyaya yollananlara bəraət qazandırmaq istəsələr də, nə qədər onların əməllərini cihad, şücaət və müsəlman təəssübü kimi təqdim etməyə çalışsalar da, bu, demək olar ki, alınmır. Sadə insanlar boş-boş söz yığınına deyil, Suriyada baş verənləri əks etdirən tükürpədici videogörüntülərə inanırlar. Kiminsə hansısa Quran ayəsini Müqəddəs Kitabın kontekstindən qopararaq öz məqsədi üçün istifadə etmək oyunu qeyri-məzhəb daşıyıcılarının başını kəsib futbol oynayan vəhhabilərin əks olunduqları kadrların buraxdığı təsirə böyük hesabla məğlub olur. Bir sözlə, artıq dinə ancaq yas məclisləri səviyyəsində aidiyyatı olan orta statistik Azərbaycan vətəndaşı da vəhhabi kabusundan ehtiyatlanmağa və ənənəvi “xortdan” personajını bu vəhhabi obrazı ilə əvəzləyərək nadinc uşaqları qorxuzmağa və itaətə dəvət etməyə başlayıb. Etiraf etmək istəsək də, istəməsək də, amma artıq cəmiyyətimizdə vəhhabi xofu yaranıb.
Qeyri-ritorik suallar
İndi də təsəvvür edək ki, belə bir cəmiyyətin sabahı müharibə və ümumi səfərbərlik xəbərləri ilə açıldı. Təbii ki, döyüşə gedənə ən azından bir AKM verilməlidir. Stop! Elə burda da dayanaq. İndi Suriyada vuruşanları, onlara burda havadarlıq edənləri, gizli təəssübkeşlərini leqal sılah daşımaq hüququna malik olduğunu da göz önünə gətirək. Radikal sələfilər aşkar bəyan edirlər ki, onların mövqeyini bölüşməyən Azərbaycan vətəndaşları kafirdirlər. Zatən, elə Suriyaya da guya kafirlərin sonuna çıxmaq üçün gediblər və elə bu amalları uğrunda qoca, qadın, uşaq demədən qarşılarına çıxanların başlarını bədənlərindən ayırırlar. Bu məramlarını heç gizlətmək niyyətində də deyillər. Əksinə, bütün vasitələrdən istifadə edərək geniş auditoriyaya nəzərlərini yaymaqla məşğuldular. İndi isə sual: belə bir quldur mahiyyətli dəstəyə silah paylayıb ön cəbhəyə göndərmək olarmı? Özlərinə Seyfulla, Qeybulla, Meybulla və daha nə ayamalar qoşaraq xristian, ateist, şiə, sünni başı kəsənlər sabah bu potensial qurbanları ilə bir səngərdə yatacaqlarmı? Onlarla son nəfəsə qədər tapşırılan mövqeləri qoruyacaqlarmı? Yoxsa “Allahu Əkbər!” bağıraraq ilk fürsət ələ düşən kimi eyni kamuflyajlı formada olan həmyerlisinin üzərinə cumacaqlar? Bu seyfullalar, qeybullalar çavuş, sıravi, gizir olmaqdan qətiyyətlə imtina etməyəcəklərmi? Bu quldur dəstələrində müəyyən qədər təcrübə toplayanlar “rafizi”, “bidətçi”, “kafir”, “müşrik” komandirlərinin əmrlərinə tabe olacaqlarmı?
Missiya “genişlənə” bilər
Bu suallar heç də ritorik deyil. Müəllif də rəngləri qatılaşdırmaq fikrindən uzaqdır. Yuxarıda təsvir olunanlar elə də uzaq perspektiv olmaya bilər. Artıq qeyd edildiyi kimi, Azərbaycan bir fürsət gözləyir. Siyasi, iqtisadi, hərbi və s. zəminlər yaranmalıdır ki, ermənilərə qarşı irimiqyaslı əməliyyatlara start verilsin. Heç kim Şuşanı, Kəlbəcəri, Laçını, Xankəndini unutmayıb və erməniyə güzəştə getməyib. Eyni zamanda heç kim də Saakaşvilinin səhvini təkrar etmək istəməz. Amma bu fürsət elə günü sabah yaransa necə olacaq? Bu azğınlaşmış, beyinləri “format” edilən zombilərin qarşısını almaq mümkün olacaqmı? Zənnimcə, artıq indidən bu barədə düşünməyinə dəyər. Yazının əvvəlində İslam faktorunun mümkün müharibədə hansı müsbət təsirlərə malik olması barədə qeyd edilmişdi. Amma sonrakı ehtimallar gercəkləşərsə, o zaman üstünlüyümüz kimi dəyərləndirdiyimiz amil bizim özümüzə qarşı işləyəcək. Qan düşməni ilə üz-üzə gələn zaman arxa cəbhədəki təxribat bu qədər əzablarla əldə etdiyimiz dövlətçiliyimizə sarsıdıcı zərbə ola bilər. Odur ki, artıq bu gün sabahı düşünməliyik. Və ciddi tədbirlər görülməlidir. Kosmetik yox, məhz CİDDİ. Əsrlər boyu formalaşmış tolerantlıq və dözümlülük ənənələrimizi, xalqımızı parçalamağa cəhd göstərənləri bu cəmiyyətdən təcrid etmək lazımdır. Döyüşə gedən əsgər həm səngər yoldaşından, həm də arxa cəbhədən arxayın olmalıdır. Əks təqdirdə ermənilərə artıq 20 faiz deyil, daha geniş ərazilər üçün yalvarmaq missiyasını nəvə-nəticələrimizə ötürməli olacağıq.
P.S. Burda bir mühüm əlavəyə ehtiyac var. Azərbaycanda heç vaxt sünninin şiə, şiənin isə sünni ilə problemi yaranmayıb. İnşallah, gələcəkdə də olmayacaq. Bu da Allahın məmləkətimizə bəxş etdiyi çoxsaylı lütflərdən biridir. Problem yalnız radikal təfəkkür daşıyıcılarındadır ki, onları da daşı ətəklərindən töküb sünni-şiə qardaşlığına birləşməyə dəvət edirik. Sünnilər də, şiələr də, elə əhalinin qalan təbəqələri də dar məqamda güvənə biləcəyi, ona arxa çevirməyə qorxmayacağı, əlinə imkan düşən kümü üstümüzə hücum etməyən dindar görmək istəyirlər. Çıxış yolu ancaq budur. Əminamanlıq, sülh, qardaşlıq istəməyənlərlə isə sona qədər mübarizə aparılacaq.
Vüsal Əliyev