Bu günlərdə Azərbaycanda sabitliyi pozmağa, məzhəblərarası ayrıseçkilik salmağa çalışan təkfirçilərin daha bir təbliğat kampaniyası hamını heyrətə saldı. Onlar Şeyx Əbu Malik əl-Cuhani adlı birinə zəng edərək ölkəmiz barədə yalan məlumatlar verməklə fətvalar alıblar. Şeyxlərinin fətvasından belə çıxır ki, Azərbayan əhalisinin çox hissəsi müsəlman deyil, müşrik və kafirdirlər. İslam.az bu fətvalarla bağlı müxtəlif məzhəbli 3 din xadiminə müraciət edərək, şeyxin fətvalarını dəyərləndirməyi xahiş edib.

- Müsəlman kimə deyilir?
Şahin Həsənli (ilahiyyatçı)
- Cəfəri məzhəbinin əqidəsinə görə, “kəlimeyi-şəhadət”i deyən şəxs müsəlmandır. Yəni Allahın təkliyinə, Peyğəmbərin peyğəmbərliyinə şəhadət verən şəxs, hətta namaz qılıb, oruc tutmasa belə müsəlman sayılır. İstənilən şəxs, məzhəbindən asılı olmayaraq, Allahın birliyini və Məhəmməd Peyğəmbərin (s) peyğəmbərliyini qəbul edirsə, müsəlmandır. Qurani-Kərimin hökmünə əsasən, bütün müsəlmanlar da biri-birinə qardaş hesab olunur. Namaz vacib əməldir, lakin namazı tərk eləmək insanın dindən çıxmasına əsas ola bilməz.

Əlixan Musayev (ilahiyyatçı)
- Bu məsələdə əhli-sünnə alimləri arasında iki rəy var. Bir qismi deyir ki, namaz qılmasa, şəxs kafirdir. Bu cür deyən alimlər mövcuddur. Bunu inkar etmək olmaz. Digər qism alimlərin düşüncəsi isə budur ki, bir insan Allahı və Peyğəmbərini qəbul edirsə, şəhadət kəlmələrini deyirsə, namaz qılmasa da ona kafir demək olmaz, ta ki, onunla oturub söhbət edənə qədər.
Lakin mənim şəxsi rəyim budur ki, o yerdə ki, İslam dini hər tərəfə yayılıb və hətta uşaq da bilir ki, namaz qılmaq lazımdır, lakin bir şəxs bilərəkdən namazı inkar edirsə, küfr etmiş olur. Lakin Azərbaycan kimi bəzi ölkələr ki, bu yerlərə İslam dininin əsasları tam şəkildə çatdırılmayıb və cahil insanların sayı həddən artıq çoxdur, o yerdə gərək namaz qılmayan insanlarla oturub başa salasan. Bu cür şəxsləri dərhal kafir saymaq düzgün deyil...

Ziyad Hüseynov (ilahiyyatçı)
- Əhli-sünnənin 4 məzhəbində bu məsələyə münasibət fərqlidir. Belə ki, əşarilər (malikilər, şafeilər, hənbəlilər) əməli imandan sayırlar. Yəni bir insan namaz qılmırsa, oruc tutmursa, İslamın əsas beş şərtini yerinə yetirmirsə, o zaman o adamın imanı yoxdur deyib, onu təkfir edirlər. Lakin, onlar konkret hökm də vermirlər, şərt qoyurlar ki, əməlində salehlik varsa, Allaha yaxınlığı varsa demək ki, onun imanda hidayəti də vardır. Yox, əgər küfr etməkdə israrı varsa, yəni İslamın hökmlərinə əməl etmirsə, bu təkfirə gətirib çıxara bilər. Hənəfi məzhəbinə görə isə əməl imandan deyildir. Yəni bir insan namaz qılmayıb, oruc tutmursa, müsəlman sayılır, lakin fasiq, günahkar bəndə kimi hesab olunur.
- İslam dinində müşrik kimə deyilir?
Şahin Həsənli
- Allaha şərik qoşan insan “müşrik” adlandırılır. Bütlərə ibadət edən insanlar, yaxud da hər hansı bir şəxsi və ya bir şeyi Allaha şərik qoşan, Allahdan başqa hər hansı bir şəxsə və əşyaya ibadət edən insanlar müşrik hesab olunurlar. İslamın ənənəvi cərəyanları arasında müşrik hesab olunacaq hər hansı bir məzhəb yoxdur. İstər sünni, istərsə də şiə məzhəbləri Allahın birliyini qəbul edir və tək olan Allaha ibadət edirlər. Müəyyən fikir və yanaşma fərqləri olsa da, heç bir müsəlman müşrik hesab oluna bilməz. Təkfirçilərin əsas xüsusiyyətlərindən bir özlərindən başqalarını kafir hesab etmək, müşrik hesab etməkdir. Lakin heç bir ənənəvi İslam məzhəbləri digər məzhəb nümayəndələrini müşrik hesab etmir.
Ziyad Hüseynov
- Müşrik şirk edənə deyilir, yəni Allaha şərik qoşana. Əhli-sünnəyə görə, bidət əhli heç bir zaman şirk əhli deyildir. Vəsilə şirkə girməyə səbəb ola bilməz. Düzdür, şəfanı verən Allahdır, lakin biz gedib həkimə müraciət edirik, həkimi vəsilə seçirik. Şəfa tapmaq üçün həkimin dərman yazmasını xahiş edirik. Şəfa Allahdan gəlirsə, biz həkimi vasitəçi hesab ediriksə, bu nə şirkdir, nə də bidət. Hənəfi alimlərinə görə, bir günahkar bəndənin saleh bir insanın hörmətinə xatir Allahdan bir şey istəməsi birbaşa Allahdan istəməsindən daha fəzilətlidir və bu şirk sayılmaz. Əhli-sünnənin digər məzhəblərində isə hər bir insanın heç bir vasitə olmadan Allahın mərhəmətinə və rəhmətinə sığınaraq ondan nəsə istəməsinin vacib olduğunu söyləyir və ona vəsilə qoşmağın şirkə gətirib çıxaracağını düşünür. Vəsilə hətta ölmüş şəxs də ola bilər. Müşrik o şəxsdir ki, Allahı inkar etsin və ya ona şərik qoşsun. Şiələr Allahı inkar edirmi, ona şərik qoşurmu? Xeyr. Hər kiçik bir şeyə görə, hər bir şəxsi müşrik olmaqda ittiham etmək və barəsində fətvalar vermək doğru deyil. Belə olan təqdirdə onların özləri İslama düzgün əməl etmədiklərinə görə şirkə düşə bilərlər.
- Yayılan videoda təkfirçilərin şeyxi fətva verir ki, şiələrin məscidlərində namaz qılmaq olmaz. İslamda belə bir hökm varmı? Şeyxin fətvası nə dərəcədə həqiqətdir?
Şahin Həsənli
- İstənilən məzhəbin ardıcıllarının namaz qıldığı məscidlərdə namaz qılmağa nəinki icazə verilir, əksinə, insanlara məscidlərdə namaz qılmağa təşviq olunur. Hətta belə bir hökm var ki, bir məsciddə başqa məzhəblərin nümayəndələri camaat namazı qılırsa, əgər ayrı namaz qılmaq, camaata qoşulmamaq ixtilafa səbəb olarsa, ayrı namaz qılmağa icazə verilmir. Hətta Məkkədə Həcc ziyarəti zamanı ümumi camaat namazı qılınırsa, cəfəri məzhəbinə mənsub insanlar ayrıca namaz qıla bilməzlər, bu haramdır. Şəri vəzifə budur ki, orada camaatla namaz qılmaq vacibdir. Ümumiyyətlə, məscidlərin sünni-şiə məzhəblərinə görə bölünməsinin dinimiz, məzhəbimiz əleyhinədir. Məscidlər Allah evidir və istənilən məzhəb nümayəndəsi sərbəst şəkildə ibadətini yerinə yetirməlidir və müsəlmanlarla vəhdətdə və birlikdə olmalıdır.
Əlixan Musayev
- Məscid Allahın evidir və biz də Allahın evində namaz qılırıq. Məsələn, Səudiyyədə bəzi məscidlərin imamı hənbəli məzhəbinə mənsubdur. Bu o deməkdir ki, biz onun arxasında namaza durmayaq? Və ya Türkiyədə bir çox məscidlərdə namaz qılmayaq ki, məscidin imamı hənəfi məzhəbindədir? Bu o demək deyil ki, onun arxasında namaz qılmaq olmaz. Əgər bir nəfər müsəlmandırsa, hansısa fiqhi məsələlərdə xətası olsa belə, onun arxasında namaz qılınır. Yalnız müşrik və kafirdirsə və zahirən özünü müsəlman göstərirsə, onun arxasında namaz qılmaq olmaz.
Ziyad Hüseynov
- O, Allahın ayəsini inkar edir demək. Allah-Taala Qurani-Kərimdə buyurur ki, Allah yer üzünü bütün möminlərə məscid, səcdəgah qıldı. Nəcasət olmayan hər bir yerdə namaz qılmaq olar. Onun bu sözü Allahın ayəsini inkar etmək kimidir. Allahın ayəsini inkar etmək isə kafir hökmündə olmaq deməkdir. Bu xristian və yəhudilərin fikridir ki, sinaqoq və ya kilsədən başqa yerdə ibadət etmək olmaz. Müsəlman üçün hər bir təmiz yer ibadətgahdır.
- Bu kimi videoları, səs yazılarını paylaşan şəxslərin məqsədi nədir? Nəyə xidmət edir onların bu əməlləri?
Şahin Həsənli
- Məqsəd Azərbaycan dövlətini zəiflətmək, Azərbaycanda məzhəblərarası münaqişələr yaratmaq, insanlar arasında bir-birinə qarşı nifrət toxumu səpməkdir. Bu radikal cərəyanların təkcə Azərbaycanda yox, istənilən ölkədə fəaliyyətinin əsas istiqaməti buna yönəlib ki, məzhəblər arasında düşmənçilik və bir-birlərinə qarşı etibarsızlıq yaradılsın.
Azərbaycanda əsrlər boyu məzhəblər arasında heç bir problem olmayıb, məzhəblər biri-birilərinə qarşı doğrudan da qardaş kimi yanaşıblar. Bu addım ənənəvi münasibətləri zəiflətmək məqsədi güdür. Eyni zamanda, bunlar Azərbaycan dövlətçiliyinə zərbə vurmaq məqsədi güdürlər. Çünki, hər hansı bir dövlətə zərbə vrmaq üçün tarix boyu din faktorundan istifadə olunub və bu gün də bəzi dırnaqarası cərəyanlar Azərbaycan dövlətçiliyinə zərbə vurmaq və ictimai-siyasi sabitliyi pozmaq istəyirlər.
Əlixan Musayev
- Əlbəttə ki, bunda bir xoşniyyət ola bilməz. Onların məqsədi ayrıseçkilik, fitnə-fəsad salmaqdır.
Bir maraqlı hədisi burada xüsuilə vurğulamaq istəyirəm: “ Peyğəmbərimiz (s) bir gün Abdullah bin Məsuddan xahiş edir ki, camaata nəsihət eləsin. O, qalxır və buyurur: “Camaat! Rəbbiniz Allahdır, dininiz İslamdır, kitabımız Qurandır, qibləmiz Kəbədir və Peyğəmbərimiz də bu şəxsdir (Məhəmməd Peyğəmbərə işarə edir). Allah və Rəsulu nədən razıdırsa biz də razıyıq, nəyə nifrət edirsə biz də nifrət edirik.”
Əgər ibn Məsudun sözlərini hər bir müsəlman özü üçün şüar etsə və buna uyğun yaşasa, müsəlmanlar arasında birlik olar. Biri-birimizi didib-didiştirməklə bu günə gəlib çıxmışıq. Kənardan qeyri-müsəlmanlar bizim başımıza corab hörür.
Ziyad Hüseynov
- Bu kimi videolar təxribatdır. Belə şeylərə çox fikir verməyə dəyməz. Bu cür şəxslərin düşüncələrində öz “islamları” var. İstədikləri şəxsi təkfir edirlər. Onlar tolerant Azərbaycandakı məzhəblər və dinlərarası vəhdəti, ictimai sabitliyi pozmaq istəyirlər.
islam.az