Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadənin sözlərinə görə, Türkiyə ilə Azərbaycanın arasında olan 2 saatlıq zaman fərqi Ramazanın Azərbaycanda bir gün gec başlamasına səbəb olub: "Buna görə də Türkiyədə ay bir gün əvvəl görünür".
"Azərbaycanda isə Şamaxı rəsədxanasında elmi araşdırmalar aparılıb, akademiklər rəy veriblər ki, Azərbaycanda ay sabah görünəcək. Ona görə də belə fərq yaranır". M. Seyidzadə bildirib ki, əksər müsəlman ölkələrində Ramazan məhz avqustun 22-dən başlayacaq.
"Aşurbəy" məscidinin axundu Hacı Mirtahir isə bildirib ki, Ramazanın başlanması üçün ay görünməlidir: "Peyğəmbərimiz də buyurub ki, ayı görüb orucunuzu tutun, ayı görüb orucunuzu açın. Azərbaycanda iki nəfər desin ki, ayı görüb, ondan sonra oruc tutulsun. Bütün alimlər bildirirlər ki, ay sabah görünəcək. Ona görə də Ramazan sabahdan başlayır. Amma Türkiyə ilə zaman fərqimiz olduğu üçün onların oruca bir gün tez başlamaları təbiidir".
İlahiyyatçı Elşad Mirinin sözlərinə görə isə Türkiyədə Ramazanın Azərbaycandan bir gün əvvəl başlamasının kökündə hər hansı məzhəb fərqliliyi dayanmır: "Türkiyə tərəfi bildirir ki, artıq texnologiya əsridir və onlar texniki olaraq ayın nə zaman görünəcəyini müəyyənləşdirirlər. Amma İran, Səudiyyə Ərəbistanı və digər ölkələr bildirirlər ki, bu, doğru deyil. Çünki Ramazanla bağlı peyğəmbərimizin də hədisi var ki, ay yalnız gözlə görünməlidir. Yəni burada fərq yalnız bu fikir ayrılığındadır. Başqa bir fərq yoxdur və bu problem yaratmır". E. Mirinin sözlərinə görə, hazırda bu məsələnin özü Türkiyənin daxilində müzakirə mövzusudur və Ramazanın başlanması ilə bağlı vahid mövqe yoxdur.