Fransa hökuməti müsəlman qadınlara üzgüçülük hovuzlarında "burkini" (başı bağlı üzgüçülük geyimi) geyinməyi qadağan edib. Hovuz rəhbərliyindən bildirilib ki, bu cür geyim ictimai hovuz yerləri üçün "münasib" deyil.
Qeyd edək ki, "burkini" ifadəsi, "bikini" və "burka" sözlərindən yaranıb, üç hissəli- baş örtüyü, şalvar və bədənlikdən ibarət olan qapalı islami bir geyimdir. Fransızlar bu geyimin hovuz qaydalarına zidd və qeyri-gigiyenik olduğunu əsas gətirərək qadağan ediblər. Mənbədən verilən məlumata görə, əvvəllər burkiniyə qadağa qoyulmayıb. Bu qadağa avqustun 1-dən etibarən tətbiq olunmağa başlanıb. Buna ancaq "gigiyenik qaydalara" zidd olduğu üçün icazə verilmir. Eyni qadağanın şort geyinən kişilərə də tətbiq olunduğu bildirilir.
Xatırladaq ki, müsəlman qadınların ictimai yerlərdə hicab geyinmələrinə qadağa Fransanın fəaliyyətdə olan prezidenti Nikola Sarkozi tərəfindən qoyulub. Onun sözlərinə görə, bu cür geyim qadınların hüquqlarını pozur, onları alçaldır, ətraf mühitdən təcrid edir. Eyni zamanda Fransanın parlament kommisiyasının rəhbəri Andre Gerin burkinini "hərbi təxribat" geyimi adlandıraraq onun qadağan olunmasını tələb edib.
Fransa da 5 milyon müsəlman yaşayır. 2004 –cü ildə Fransa hökuməti rəsmi olaraq tələbələrin örtük bağlamalarını və hər hansı bir dini simvol daşımalarını qadağan edən qanun qəbul edib.