Səudiyyə Ərəbistanı A/H1N1 virusuna qarşı görülən tədbirlər çərçivəsində hacı olmağa hazırlaşan bütün zəvvarlardan xroniki xəstəlikləri olmadığına dair sağlamlıq arayışı tələb edəcək. Bu barədə ANS PRESS "Cihan" agentliyinə istinadən xəbər verir.
Həcc nazirliyi məruzəçisi Xalid əl-Məqalani 65 yaşdan böyük, 12 yaşdan kiçik zəvvarlardan isə həmçinin qripə qarşı peyvənd olduqlarına dair arayış tələb olunacağını bildirib. Məruzəçi əlavə edib ki, bu şərtləri yerinə yetirməyənlərə qətiyyən viza verilməyəcək. O, bu şərtlərin ramazan ayında keçiriləcək Məkkə ziyarətlərində də tələb olunacağını deyib.
Səhiyyə naziri Abdullah əl-Rabiyə isə tələb olunan şərtlərin ədalətli və elmi olduğunu deyib. Nazir hacılardan zəvvarların sıx olduğu yerlərdə qoruyucu maska taxmalarını, əllərinin təmizliyinə xüsusi diqqət yetirmələrini, qrip əlamətləri görənlərin tibbi yardım tələb etmələrini istəyib.