Qonşularımız "David Qareci"dən sonra Qaxda yerləşən alban kilsəsinə göz dikib
Gürcüstanın Azərbaycan ərazisində yerləşən "David Qareci" məbədinə qarşı qaldırdığı iddiaları barədə ətraflı məlumat verilib. Azərbaycan hakimiyyətindən sərt təpki görməyən gürcülər indi də Qax rayonunda yerləşən "Kürmük" məbədinə müştəri düşüblər. Qeyd edək ki, "Kürmük" qədim Alban məbədidir. Artıq Gürcüstan tərəfi bu istiqamətdə əməli fəaliyyətə keçib. Oktyabrın 15-dən qonşu ölkə mətbuatında Qax rayonu ərazisində gürcü kilsəsinin bağlanması haqda məlumatlar dərc edilir.
Gürcüstanda fəaliyyət göstərən "İnsan haqları mərkəzi" qeyri-hökumət təşkilatının rəhbəri Uca Ninuaşvili oktyabrın 14-də Qax rayonunda yerləşən kilsənin bağlanması haqda bəyanat yayıb.
Qax rayonunu "Sinaqilo" kimi təqdim edən Ninuaşvili kilsənin iki həftə əvvəl bağlandığını iddia edib. Ninuaşvilinin bəyanatı Gürcüstanda rezonans doğurub. Gürcüstanın rəsmi dövlət qurumları məsələ ilə bağlı Azərbaycan hakimiyyətinə sorğu göndərib.
Dünən məsələni aydınlaşdırmaq məqsədilə Qax rayonunda olan mənbələrimizlə əlaqə saxladıq. Mənbənin bizə verdiyi məlumata görə, Gürcüstan tərəfinin iddiaları əsassızdı. Rayonun Qax İngiloy kəndində bir gürcü kilsəsinin mövcud olduğunu bildirən qaynaq həmin kilsənin bağlanmadığını vurğuladı: "Rayonun Qax İngiloy kəndində gürcü kilsəsi fəaliyyət göstərir. Həmin kilsənin bağlanması barədə Gürcüstan tərəfinin yaydığı məlumat yalandır. Sadəcə olaraq, gürcü millətçiləri Qax rayonunda yerləşən qədim "Kürmük" abidəsini "özələşdirmək" istəyirlər. Qeyd edim ki, "Kürmük" məbədi Alban kilsəsidir. Həmin məbədin üzərində olan xaçların və digər rəsmlərin gürcü kilsəsinə aidiyyəti yoxdur. Gürcü millətçiləri hər il Pasxa bayramı ərəfəsində gürcülərin kütləvi şəkildə "Kürmük" məbədinə ziyarətini təşkil edirlər. Bununla da gürcülər "Kürmük" məbədinə sahib çıxmaq və Azərbaycana qarşı növbəti məbəd iddiası qaldırmaq istəyirlər. Oktyabrın 14-də Qax İngiloy kilsəsinin keşişi "Kürmük" məbədinə gedərək qapılarını açıb. Məbədi təmizləmək adı altında oranı birdəfəlik kilsəyə çevirmək istəyib. Həmin məbəd Tarix Diyarşünaslıq muzeyinin tərkibində olduğundan keşişə oraya sahib çıxmasına imkan verilməyib. Bundan sonra keşişin təşəbüsü ilə Gürcüstanda Azərbaycan əleyhinə kampaniya başlayıb. Qaxda kilsənin bağlanması haqda məlumat Gürcüstan telekanallarının baş xəbərinə çevrilib". Qeyd edək ki, gürcü millətçilərinin dəfələrlə Qax, Zaqatala və Balakən rayonlarına qarşı torpaq iddiası qaldırıb. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu iddialara qarşı kəskin reaksiya vermir.