İyulun 31-də gecə saatlarında Sumqayıt Cümə məscidinə namaz qılmaq üçün gedən dindarlar məscidin qapıları bağlı olduğundan geri qayıdıblar. Bununla bağlı Sumqayıt Cümə məscidinin Axundu Hacı Raufla əlaqə saxlayan SİA-nın müxbirinə bildirilib ki, "məsciddə axşam namazı bitdikdən sonra saat 21.30-da məscid bağlanır.
Amma həmin şəxslər məscidə saat 23.00 da gəliblər və həmin vaxt məscid bağlı olduğundan təbii ki, onların içəri keçməsi mümkün olmayıb". Hacı Rauf həmçinin bildirib ki, "məsciddə namaz qılmaq üçün heç kimə məhdudiyyət qoyulmur və kim camaat namazı qılmaq istəyirsə, bunu namazın vaxtında yerinə yeriməlidir. Bunlar isə indiyə kimi bu məscidə gəlməyiblər və indi birdən-birə, həm də namaz bitdikdən sonra gəlməkləri təəccüblüdür."
Qeyd edək ki, iki gün bundan əvvəl Sumqayıta yeni polis rəisi təyin edilib. Yeni rəis polis polkovnik-leytenant Əkbər İsmayılov əvvəllər Nərimanov rayonu polis idarəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində işləyib.