"Donuz qripi"ndən ölüm faktının qeydə alındığı Səudiyyə Ərəbistanında yoluxucu xəstəliklərə qarşı tədbirlər gücləndirilib. Səhiyyə Nazirliyinin əməkdaşı Ziyad Məmiş yoluxucu xəstəliklərin ölkəyə zəvvarlarla gəlməsinin qarşısını almaq üçün Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəyə xəbərdarlıq etdiyini bildirib.
Ciddə hava limanının sanitar-gigiyenik nəzarət şöbəsinin rəsmisi Məhəmməd əl-Harti xəstəliyin müəyyənləşməsi üçün hava limanına yüksək tempraturu göstərən 20 videokamera quraşdırılacağını, nəzarətçilərin keçən ilə nisbətən 20 faiz çoxaldılacağını bildirib.
Qeyd edək ki, ərəb ölkələrinin səhiyyə nazirləri keçən həftə Misirin paytaxtı Qahirədə keçirilən iclasda donuz qripi epidemiyasına görə Həcc ziyarətinə məhdudiyyət qoyulması istiqamətində qərar qəbul etmişdilər. ÜST-nın məruzəçisi İbrahim əl-Kərdani bu il yaşı 65-dən yuxarı, 12-dən aşağı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin Həccə getməsinə icazə verilməyəcəyini deyib. /ANS PRESS/