Seyxülislam Hacı Allahşükür Paşazadə: "Qarabağa səfərlərin tərəfdarıyam" "Yeni qanunun indiyədək xaricdə dini təhsil almış şəxslərə tətbiqi real deyil" Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin "Yeni Müsavat" qəzetinə müsahibəsi
Xeyli müddət idi ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədən geniş müsahibə götürmək istəyirdik. Amma bu, bizdən asılı olmayan səbəblərdən baş tutmurdu. Nəhayət, ötən həftə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən zəng vurub müsahibənin suallarını göndərməyimizi xahiş etdilər. Dedilər ki, şeyx suallarla tanış olandan sonra müsahibənin vaxtını dəqiqləşdirəcəyik. Bir neçə gün sonra isə mətbuat xidmətindən bildirdilər ki, şeyxin xaricə səfəri səbəbindən canlı müsahibə olmayacaq: "Suallara müvafiq cavablar yazılıb və redaksiyanın elektron ünvanına göndərilib". Beləliklə, hörmətli şeyximizlə protokol müsahibəni oxucuların diqqətinə təqdim edirik.
- Hörmətli Şeyx həzrətləri. Öncə "Yeni Müsavat" qəzetinin müraciətinə müsbət cavab verdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Müsahibəyə hamımızın bir nömrəli problemi olan Qarabağ məsələsi ətrafında cərəyan edən proseslərlə bağlı sualdan başlamaq istərdik. Son aylar bu məsələ ətrafında sürətli proseslər gedir. Sizin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yaranan narahatlıqdan tutmuş, ziyalıların son səfərlərinə qədər yaşananlara münasibətinizi öyrənmək istərdik. Bu prosesin gedişatından razısınızmı və Qarabağın müharibəsiz qaytarılacağı perspektivinə inanırsınızmı?
- Bismillahir-rəhmanir-rəhim! Qarabağ məsələsi hər bir azərbaycanlı üçün ən həssas, eyni zamanda ən önəmli məsələdir. Hər birimiz qəlbimizin ən ülvi istəklərini bu problemin həlli ilə bağlayır, dualarımızda bu arzunun gerçəkləşməsi üçün niyyətlər edirik. Haqq-ədalət bizim tərəfimizdədir, bizim torpaqlar mənfur işğala məruz qalıb. Bizim ədaləti bərpa etməyə hər zaman haqqımız var. İstənilən şəkildə bunu etməyə haqqımız çatır. Lakin hərb yolu ən son vasitədir. Müqəddəs Qurani-Kərimdə Rəbbimiz buyurur: "Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla" (Ənfal, 61). Sülh yoluna meylimiz Allah yanında bəyənilən addım olduğundan, bir din xadimi kimi mən sülh danışıqlarının davam etdirilməsini təqdir edirəm. Ən son ümid yeri mövcud ikən hərb yolu istisna edilməlidir. Lakin bu da bir həqiqətdir ki, ədaləti inkar edənlər güc qarşısında sülhə daha tez gələrlər. Əgər ümidlər kəsilərsə, hər vasitə ilə torpaqlarımızı işğaldan azad etməliyik.
Mən münaqişənin əvvəlindən dəfələrlə ermənilərin dini rəhbərləri ilə görüşmüşəm və konfliktin dini zəmində qarşıdurmaya çevrilməsinə, bu şəkildə təqdim olunmasına imkan verməmişik. Rus kilsəsinin vasitəçiliyi ilə erməni katolikosları ilə baş tutmuş danışıqlarda əldə olunan razılaşmalarda və imzalanmış birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapmışdır. Bütün bunları sadalamaqda məqsədim onu deməkdir ki, mən danışıqlar prosesinə ümidsiz yanaşmıram. Dövlət başçılarının son görüşləri bu ümidləri artırır. Mən Allahdan diləyirəm ki, bu danışıqlara rəvac versin, ədalətin öz yerini alması işində millətimizə yardımçı olsun, torpaqlarımıza qovuşaq, qaçqın, köçkünlərimiz yurdlarına qayıtsınlar, inşallah. Bu elə bir məsələdir ki, ziyalılar da, din xadimləri də, diplomatlar da, sadə vətəndaşlar da hərə öz tərəfindən, bacardığı qədər iştirak etməlidir.
Qarabağ əzəldən bizim olub, bundan sonra da bizim olacaq! Bu o deməkdir ki, biz ora getməliyik. Biz özgənin deyil, öz torpaqlarımıza gedirik. Qarabağ bizimdirsə, oradakı vətəndaşlar da bizimdir. Onlar bizimlə birlikdə yaşayacaqsa, belə gedişlər olmalıdır. Bu gedişlərin davamlı olmasının tərəfdarıyam.
Əsas odur ki, milli birliyimiz olsun, mənəvi vəhdətimiz sarsılmasın. Onda istənilən yol bizə uğur gətirəcək!
- Son vaxtlar Sizinlə bağlı istər mətbuatda, istərsə də cəmiyyətdə müxtəlif söz-söhbətlər dolaşır. Hətta parlamentdə YAP-çı deputat rəhbərlik etdiyiniz strukturun fəaliyyətini sərt formada tənqid etdi. Buna cavab olaraq geniş və qəzəbli müsahibəniz dərc olundu. Həmin müsahibədə bir sıra məsələlərə aydınlıq gətirmişdiniz. Amma üstündən xeyli vaxt ötəndən və emosiyalar səngiyəndən sonra yəqin ki, əlavələriniz olmamış deyil.
- Əvvəla, ondan başlayım ki, mən həmin müsahibənin "qəzəbli" kimi dəyərləndirilməsi ilə razılaşmıram. Əslində bu heç müsahibə də deyildi. Sadəcə, parlamentdə səsləndirilmiş bəzi fikirlərlə bağlı məsələyə aydınlıq gətirmək məramı ilə verilmiş suala cavab idi. Bəzən məsələlərin mahiyyətini bilməyən insanların fikirlərinə aydınlıq gətirmək ehtiyacı yaranır. Deyilənlərə isə heç bir əlavəm yoxdur.
- Hakimiyyətdə rəqibiniz varmı? Yaxud Sizi hakimiyyətdə sevməyən qüvvələrin olduğu deyilir. Və həmin qüvvələrin zaman-zaman şəxsinizə və rəhbəri olduğunuz təşkilata qarşı kampaniya apardıqları söylənir.
- Biz dünyəvi dövlətdə yaşayırıq. Dinin dövlətdən ayrı olduğu məkanda dini liderin hakimiyyətdə rəqibinin olması qeyri-mümkündür. Mən Qafqazın Şeyxülislamıyam. Və Qafqaz müsəlmanları tərəfindən qurultayda yekdilliklə, ömürlük bu məqama seçilmişəm. Bu baxımdan, mənim hakimiyyətdə rəqibim yoxdur. Məni istəyib-istəməmək isə hərənin öz şəxsi işidir.
- "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklərə münasibətiniz necədir?
- Cəmiyyət daima inkişafdadır. Odur ki, onu tənzimləyən qanunları da zaman-zaman təkmilləşdirmək zərurəti yaranır. Bu baxımdan, qanuna dəyişikliklər və əlavələr edilməsi halına normal yanaşıram. Sadəcə, burada dövlətimizin dünyəvi olmasından, dinin dövlətdən ayrı olmasından irəli gələn məsələlərə ciddi fikir verilməli, ana qanunumuzun tələbləri ilə ziddiyyət təşkil edə biləcək hallara yol verilməməlidir. Bununla bağlı bizim də təklif və fikirlərimiz vardır. Biz öz mövqeyimizi müvafiq ünvanların diqqətinə çatdıracağıq. İnanıram ki, inşallah, hər şey qaydasında olacaqdır.
- Yeni qanunda xaricdə dini təhsil almış şəxslərin dini fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutan maddə(lər) var. Siz başda olmaqla, Azərbaycanın xeyli nüfuzlu dindarları təhsillərini müxtəlif ölkələrdə alıblar. Prezident bu qanunu imzaladıqdan sonra ortaya çıxan problemin həllini necə görürsünüz?
- Mən bu barədə artıq açıqlama vermişəm. Əvvəla, qanunun geriyə qüvvəsi yoxdur və bu baxımdan, qanunun indiyədək təhsil almış şəxslərə tətbiqi real deyil. Lakin bütövlükdə, istər dinimizin, istər vətəndaşlarımızın və bütövlükdə dövlətçiliyimizin mənafeləri baxımından dini təhsil məsələsində tənzimlənmə zərurəti yaranıb. Müstəqilliyimizin ilk illərində dini təhsillə bağlı vəziyyət tam başqa idi, çətinliklərimiz çox idi, yüksək təhsilli kadrlarımız çox az idi. SSRİ vaxtında Daşkənd və Buxarada yetişmiş barmaqla sayılacaq qədər dini kadrımız vardı. Yeri gəlmişkən, bir məsələni də vurğulamaq lazımdır ki, o zaman bu məkanlar da vahid dövlətdə yaşayanlar üçün xaric deyildi. İndi isə şükürlər olsun, Bakı İslam Universiteti, Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi hər il ali təhsilli kadrlar yetişdirir. Burada təhsil alanlar həm dinimizin əsaslarını öyrənir, həm də tariximizə, milli-mənəvi dəyərlərimizə bələd olurlar. Odur ki, bu məzunlar vətənin təəssübünü çəkən, dövlətinə, millətinə sadiq və deməli, xalqa fayda gətirən vətəndaş olurlar. Və onların gələcəkdə xaricdəki akademik bilik verən dini mərkəzlərdə təhsillərini davam etdirmələri, biliklərini təkmilləşdirmələri üçün bütün imkanlar açıqdır. Bizim idarənin xətti ilə 500 tələbə öz təhsilini xaricdə davam etdirir və biz onlardan, inşallah, istifadə edəcəyik.
- Həmin qanunda mollaların fəaliyyətinin icra hakimiyyətləri tərəfindən tənzimlənməsi də nəzərdə tutulub. Buna necə baxırsınız?
- Bu qanun dəyişikliyi qüvvəyə minməyib. Odur ki, bu barədə danışmaq istəməzdim.
- Sizə qarşı əxlaqazidd kampaniyanın arxasında hakimiyyətdə yüksək vəzifə tutan bir məmurun dayanması barədə prezidentə şəxsən şikayət etməniz haqda məlumatlar dolaşır. Bu barədə nə deyə bilərsiniz?
- Ola bilər ki, kimsə olsun. Amma mən belə bir adamı tanımıram və heç kəsə şikayət etməmişəm. Siz bilirsinizsə, açıqlayın.
- Ölkə prezidenti ilə münasibətləriniz hansı səviyyədədir?
- Azərbaycanda din-dövlət münasibətləri, əlhəmdülillah, yüksək səviyyədədir. Dövlət başçısına böyük ehtiramım var: həm prezident kimi, həm də dəyərli şəxsiyyət kimi. Və bu hörmət, ehtiram qarşılıqlıdır.
- Bu il Həcc ziyarətinin donuz qripi epidemiyası səbəbindən təxirə salınacağı haqda məlumatları təkzib etdiniz. Dediniz ki, bu müqəddəs ziyarətə mane olan heç bir amil yoxdur. Amma bəzi fikirlərə görə, bu məsələyə Səhiyyə Nazirliyi münasibət bildirməlidir. Bu haqda nə deyərdiniz?
- Builki Həcc ziyarəti ilə bağlı mətbuata kifayət qədər geniş açıqlama vermişəm. Həcc ziyarətinin təxirə salınması məsələsi ətrafında spekulyasiya edənlərə isə bir daha bildirirəm: sağlamlığa təhlükə ilə bağlı belə bir qərar ya Səudiyyə Ərəbistanı Krallığı tərəfindən qəbul edilə bilər: belə olarsa, bu, bütün müsəlman dövlətlərinə aid olacaq, o cümlədən Azərbaycana. Və ya Azərbaycan hökuməti vətəndaşlarımızın xəstəliyə yoluxma təhlükəsinin qarşısını almaq məqsədilə belə bir qərar verə bilər və bu təqdirdə də biz onu yerinə yetirəcəyik. Təbii ki, insanların səhhəti məsələsi olduqca önəmlidir.
- Siz şeyx olmaqla bərabər, həm də Azərbaycan Respublikasının vətəndaşısınız. Ailə başçısısınız, atasınız, babasınız. Ailəniz və nəvələrinizlə asudə vaxt keçirə bilirsinizmi? Hər bir insanın ümdə haqlarından olan istirahət məsələnizi necə həll edirsiniz? Azərbaycanda, yoxsa xarici ölkələrdən birində dincəlməyə üstünlük verirsiniz?
- Hər bir ata, baba kimi mən də ailəmlə olmağı, asudə vaxtlarımı ailə üzvlərimlə keçirməyi, onlarla birgə istirahət etməyi xoşlayıram. İmkan, asudə vaxt isə az olur. Ailəm böyük olduğundan, hamının - övlad və nəvələrimin evdə bir araya gəlməsini çox xoşlayıram. İstirahətimi də vətəndə - Azərbaycanda keçirməyə üstünlük verirəm.
- Azərbaycanda müxtəlif dini təriqətlər yayılıb. Onların içində radikalları da var. Bunun ölkəmiz və xalqımız üçün təhlükələr törətdiyi heç kimə sirr deyil. Bu problemin həllini necə görürsünüz?
- Biz yalnız dini maarifləndirmə işi apara bilərik və bunu da edirik. Bizim idarə mübarizə aparan qurum deyil. Dövlətin bu məsələlərlə məşğul olan müvafiq orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Və onlar da öz vəzifələrini yerinə yetirirlər.
- Xeyir-şər məclislərindəki israfçılıq hamımızın yaralı yeridir. Məsələ ondadır ki, bunu tənqid edənlərin özləri də toy və yas mərasimlərində eyni israfçılığa yol verir. Bununla bağlı dəfələrlə mövqe bildirmisiniz. Yenə də fikirlərinizi bilmək maraqlı olardı.
- Bəli, bu məsələ ilə bağlı mövqeyimi dəfələrlə bildirmişəm. İslamda israf bəyənilməyən əməllər sırasındadır. Bu baxımdan, istər xeyir işlər olsun, istərsə yas məclisləri - fərq etməz, hər birində hədd gözlənilməlidir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası daima tövsiyələrini səsləndirir, israfın dinimizin tələblərinə uyğun olmadığını bəyan edir. Reallıq ondan ibarətdir ki, belə məsələləri qadağa ilə tənzimləmək olmur. Hamılıqla, bir cəmiyyət olaraq, ziyalılar, din xadimləri və ayrı-ayrı fərdlər birgə bu israfçılıqdan qurtulmalıyıq.