Azərbaycanda tarix boyunca məzhəblərarası, dini zəmində hər hansı qarşıdurma olmayıb, ənənəvi təriqətlər nümayəndələri həmişə dinc şəkildə yaşayıblar. Son dövrlərdə təkfirçi qruplar peyda olduqdan sonra dünyaya yayılan təhlükəli qarşıdurma meyilləri burda da özünü büruzə verir.
Təkfirçiliyin əsasında özündən başqa hamını kafir elan etmək dayanır. Bu qruplar müxtəlif ölkələrdə də fəaliyyət göstərir. Azərbaycanda onların ciddi sosial dayağı olmasa da, fəaliyyətlərini genişləndirməyə, özlərinə yeni tərəfdarlar tapmağa çalışırlar. Məhz bu təkfirçi qrupların üzvləri müxtəlif ölkələrdəki münaqişələrə, döyüşlərə cəlb edilirlər.
Bu vəziyyətlə bağlı ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli öz fikirləri ilə bölüşür:
- Bu günlərdə məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin açıqlaması oldu, Qazilər Şurası tərəfindən fətva verildi. Siz bu addımları necə qiymətləndirirsiniz?
- Qafqaz Müsəlmanları İdarəsinin məsələyə reaksiya verməsi labüd idi. Həmin fətvada şəhidliyin əsl anlayışı haqda məlumat verilir. Qeyd olunur ki, şəhidlik yalnız ali dəyərlər uğrunda öldürülən insanlara şamil oluna bilər. Amma vətəndən kənarda baş verən münaqişələrdə, Suriyada gedən müharibə sırf hansısa dövlətlərin siyasi maraqlarına xidmət edir. Buna müqəddəs döyüş, cihad adı qoymaq qətiyyən yolverilməzdir.
Bu məzmunda fətvaların verilməsi, din xadimlərinə tövsiyələrin verilməsi zəruridir. Çünki din xadimləri bilavasitə insanlarla təmasda olurlar. Ümumiyyətlə, bu məsələdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Əgər dini maarifləndirmə yüksək səviyyədə olmazsa, belə radikal cərəyanlara üz tutanların sayı çoxalacaq.
- Axı, din xadimləri, ilahiyyatçı alimlərin hamısı Suriyaya cihad uğrunda gedənləri pisləyir, bunu yanlış adlandırır. Bununla belə, yenə də gedənlər, ölənlər var. Niyə insanlar alim sözünü dinləməyib, gizli qruplaşmalara inanırlar?
- Bu cərəyanlara meyilli olanlar hansısa ilahiyyatçının fikri ilə razılaşmırlar, heç kimi dinləmirlər. Nə qədər nüfuzlu din xadimi olsa belə, onu dindən çıxmış şəxs, kafir hesab edirlər. Ona görə belə adamlarla həmin qruplara qoşulmazdan əvvəl iş aparmaq lazımdır.
Digər məqam da var: Təəssüf ki, Azərbaycanda bəzi din xadimləri mətbuat üçün bir cür, arxada isə başqa cür danışırlar. Şübhəsiz ki, Azərbaycanda Suriyaya yönləndirilən insanlar var. Buna görə də həm aidiyyətli qurumlar, həm də dini icmalar daha ayıq-sayıq olmalıdır.
- Niyə çox vaxt gənclər bu tora rahatlıqla düşür?
- Gənclər müəyyən qədər çılğın təbiətli olur, onların dünyagörüşü hələ formalaşmır. Ona görə də onları belə işlərə təşviq etmək daha rahat olur. Buna görə həm KİV-lərdə, həm də orta məktəbdə dinlə bağlı məlumat verilməlidir. Şagird din haqqında bilgiləri ziyalı insanın dilindən eşitsə, daha yaxşı olar. Dinlə, məntiqlə, ağılla əsaslandırılmış hökmlər ortaya qoyulmalıdır. Elmi səviyyədə dini tanıyan insanlar heç vaxt radikalların sözünə inanmaz.
- Dini qurumların fəaliyyəti öz yerində. Bəs, dövlət səviyyəsində təhlükəsizlik üçün hansı işlər görülməlidir?
- Azərbaycanın hüquq-mühafizə orqanları indiyədək belə qruplaşmaların radikal əməllərinin qarşısını alıblar, zərərsizləşdiriblər, Azərbaycanda ciddi fəsad törədəcək əməllərə yer verilməyib. Düzdür, Əbu-Bəkr məscidində xoşagəlməz hadisələr yaşandı. Amma hələ Azərbaycanda kütləvi qırğına səbəb olan əməllərə əl ata bilməyiblər.
Amma Suriyaya gedənlərə gəlincə, ölkədən kimin hansı məqsədlə çıxmasını müəyyənləşdirmək çətin məsələdir. Təbii, hərbi birləşmələrin tərkibində hansısa döyüşlərdə iştirak etməyə görə Cinayət Məcəlləsində müəyyən məsuliyyət nəzərdə tutulur. Lakin insanların ora getməyinin qarşısını almaq mümkün deyil.
- Həmin gəncləri yetişdirən ailələrin məsuliyyəti haqqında nə demək olar?
- Məncə, ailələrdə insanlara dini dəyərlər aşılanmalıdır. Düzdür, hər ailədə dini ayinlər icra olunmur. Bununla belə, hər bir kəs din haqqında minimum biliklərə malik olmalıdır. Bundan əlavə, bəzən bizim tərbiyə üsullarımız səhv olur, uşaqlara düşünmək imkanı vermirik. Düzgün tərbiyə olunan insan radikallığa meyil etməz. Uşaqlara qarşı sərt davranılırsa, belə mühitdə daha çox radikallıq inkişaf edir. Əgər uşaq mehribançılıq və mərhəmət görərsə, öz fikirlərinə qarşı sayğı hiss edərsə, cəza metodlarına az müraciət edilərsə, bu ailədən çıxan insanlar şəxsiyyət olur və belə insanların primitiv düşüncələrin təsiri altına düşməsi mümkünsüzdür.
- Siz öz moizələrinizdə bu mövzulara müraciət edirsizmi?
- Mütəmadi olaraq bu mövzular haqqında danışırıq. Hər zaman fanatizmə qarşı çıxış edir, insanları düşündürməyə çalışırıq. Dini təbliğ edərkən məntiqli olmalıyıq. Çünki islam dini məntiqə və ağıla üstünlük verir. Qurani-Kərimdə neçə yerdə “Məgər, düşünməzmisiniz” deyə müraciət olunur. Lakin təəssüf ki, bəziləri din vasitəsilə düşüncə nurunu söndürməyə çalışırlar.
- Və nəhayət, Suriyaya cihad ardınca gedənlərə nə demək olar? Onlar həmin döyüşlərdə şəhadətliyə ucalırlarmı?
- Suriyadan yayılan görüntülərdə orada hansı vəhşiliklərin törədildiyi görünür. Hətta uşaqları da öldürürlər. Amma heç şübhəsiz ki, bu əməllərin İslama aidiyyəti yoxdur. İslamda zorakılığa yer yoxdur. Ümumiyyətlə, din adından hər hansı bir əqidə belə insanları dəstəkləyə bilməz.
Düzdür, İslamda cihad anlayışı var, amma söhbət ondan gedir ki, kimə qarşı və hansı şəraitdə döyüşmək olar? Burada təcavüzə qarşı cavab verməkdən danışılır. Qurani-Kərim belə bir məntiq ortaya qoyur ki, “Sizə qarşı vuruşanla vuruşun”. Hər hansı bir xalqın dəyərləri, torpağı təcavüzə məruz qalırsa, onun uğrunda vuruşmaq müqəddəs hesab olunur, cihad sayılır. Bu yolda öldürülən insanlar şəhid sayılır. Lakin günahsız insanı öldürmək, məzhəblərarası ixtilaf yaratmaq məqsədilə döyüşən insanlar öldürülərkən, şəhidlikdən söhbət gedə bilməz.
Bakupost.az