Bu gün Rusiyanın paytaxtında Moskvada Bütün Rusiyanın Patriarxı Kirillin vasitəçiliyi ilə Ermənistan kilsəsi, Rusiya pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsinin liderlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçtərəfli görüşü davam edir.
ANS PRESS-in "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu katolikos II Qareqin bildirib.
Görüş zamanı Azərbaycan və Ermənistanın dini liderləri Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoqu davam etdiriblər. KİV-də yer alan məlumatlara görə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bildirib ki, Azərbaycan və Ermənistanın dini liderləri əvvəlki illərdə bir neçə dəfə görüşüblər və bu görüşlərdə bir sıra sənədlər imzalanıb. "Ola bilsin ki, yaxın vaxtlarda Rusiya patriarxının təşəbbüsü ilə bizim növbəti görüşümüz təşkil olunacaq", - deyə o bildirib. QMİ-i rəhbəri həmçinin vurğulayıb ki, II Qareqin gələn ilin aprelində Bakıda keçiriləcək MDB ölkələrinin Dinlərarası Məsləhət Şurasının iclasına dəvət olunacaq.
Xatırladaq ki, toplantıda dinlərarası münaqişələrin həlli, münaqişələr zamanı dini abidələrin mühafizəsi məsələləri də müzakirə olunur.