Oxucuların nəzərinə islam.az-ın ərəb-müsəlman təfəkkürünün nüfuzlu nümayəndəsi, İslam solçuları hərəkatının qurucularından biri Həsən Hənəfi ilə müsahibəsini təqdim edirik.
- Siz İslam solçuları intellektual hərəkatının yaradıcılarından birisiniz. Bu hərəkatın gələcəyini necə görürsünüz? Bu hərəkat ərəb dünyasında yeni yaranışını yaşayan siyasi İslamla birgə mövcud ola bilərmi?
- Təəssüflər olsun ki, siyasi İslamla birgə mövcud olmaq problemli məsələdir. Çünki siyasi İslam kimi ərəb dünyasının liberal qüvvələri də mütləq həqiqətə iddia edirlər. Həqiqəti inhisarlaşdırmağa çalışanlarla dialoq qurmaq çox çətindir. Lakin mən əminəm ki, solçu proqressiv ideyalar müxtəlif İslami konsepsiyalarla uyğunlaşa bilər. Təəssüf hissi doğuran daha bir fakt budur ki, islamçılar kimi, liberallar da bir-birlərini eşitmirlər və hər biri digər tərəfə ziyan vurmaqla öz məqsədinə çatmaq istəyir. Bu səbəbdən İslam solçuları hərəkatı yuxarılarda dəstək axtarmır və həm islamçılar, həm də liberallar arasında kifayət qədər düşməni var.
- Bu gün Suriyada müharibə gedir. Bu müharibədə haqq yolda, həqiqi İslamın bərpa olunması yolunda silahlandıqlarını hesab edən radikal qruplaşmalar döyüşür. Onları həqiqi və ya siyasi İslamın tərəfdarları adlandırmaq olarmı?
- Heç kim İslam adından birmənalı danışa bilməz. Prinsip bu cürdür ki, kim özünü müsəlman adlandırırsa, demək ki, müsəlmandır, fərq etməz o, hansısa bir hərəkatın üzvüdür ya yox. Problem o vaxt başlayır ki, biri özünü müsəlman adlandırır və “ öz aləmində” həqiqi İslamın təbliğ edilməsini tələb edir. Bu isə böyük bir səhv fikirdir..
- 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının bir hissəsi Ermənistanın işğalı altındadır. Məşhur ərəb intellektualı və öz işlərində dəfələrlə ərəb xalqının milli-azadlıq mübarizəsinə toxunan bir şəxs kimi, bu münaqişənin həlli yolunu nədə görürsünüz?
- Əgər münaqişə dini və ya etnik zəmində yaranıbsa, bunun üçün bütün buraxılmış səhvləri düzəltmək lazımdır. Lakin müasir dövrümüzdə müharibədənsə, razılığa gəlmək daha yaxşıdır. Praktik baxımdan bu, hər iki xalq üçün daha səmərəli olardı. Mənim fikrimcə, Azərbaycanın bu problemi daha münasib, səmərəli, praqmatik yolla həll etmək üçün kifayət qədər imkanları var.
Fərdin İsazadə, islam.az üçün