İslam.az-ın “İslam məmləkəti – Azərbaycan” rubrikasının növbəti sayı ölkənin ən qədim ibadət ocaqlarından olan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə yenidənqurma işləri aparılmış Şamaxı Şəhər Cümə məscidinə həsr olunub.
Xəzər xaqanının İslam dinini qəbul etdiyi məscid...
Şamaxıda 1902-ci ildə baş verən zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını hicri təqvimi ilə 126-cı illə bağlamışdı. Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi miladi təqvimlə 743-cü ildə tikilmişdir və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir.

Ermənilər tərəfindən yandırılmış Şamaxı Cümə məscidi
Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir. Qədim yunan və roma mənbələrində Albaniya, qədim ərəb səlnamələrində isə “Arran” adlandırılan Şimali Azərbaycan VII əsrin ortalarında üç imperiyanın Ərəb xilafəti, Bizans imperiyası və Xəzər xaqanlığının hücumlarına məruz qalırdı və bunun nəticəsində üç imperiyadan asılı vəziyyətdə qalmışdı. Lakin xilafət orduları Azərbaycanı işğal etdikdən sonra Bizans imperiyasının təsiri, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmış, Xəzər xaqanlığı isə müəyyən müddətdən sonra süquta uğramışdır. Şamaxı Cümə məscidinin inşası da məhz bu dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.

Şamaxı Cümə Məscidinin 2013-cü ildə növbəti dəfə bərpa edilməsindən əvvəlki görünüşü
Məscid Qafqazın hakim dairələrinin diqqət mərkəzində olub
General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan da görünür ki, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: “Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın”.
Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə İslamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.
Əsaslı təmirdən sonra məscid daha çox insanları İslama cəlb edir

Müsahibimiz məscidin axundu Hacı Mikayıl Qədimovdur. O, bizə regionda insanların İslam dininə meylləri, radikallığın burada fəaliyyəti, məscidin dini icmasının ümumi fəaliyyəti, əsaslı təmirdən sonra dindarların sayında artımın olub-olmaması haqda dəyərli məlumatlar verdi.

- Təmirdən sonra məscidə gələn dindarların sayında artım varmı?
- Bütün respublikada olduğu kimi, şükür Allaha, bizim Şamaxı şəhərində də dinə meylli insanların sayı artır. Xüsusilə son zamanlar məscidimizə gələn gənclərin sayında artım hiss olunur.
- Bəs məscidinizdə müxtəlif məzhəb nümayəndələri bir yerdə ibadət edirmi?
- Bəli. Şamaxı müxtəlif məzhəb nümayəndələrinin bir arada yaşadığı regiondur. Burada sünni və şiə müsəlmanlar birgə yaşayırlar. Onların hərəsinin ibadət ocaqları – məscidləri var. Lakin bizim məscidimizdə hər iki məzhəbin nümayəndələri birgə, mehriban ibadət edirlər və aralarında heç bir ixtilaf da baş vermir. Burada məzhəb ayrıseçkiliyindən söhbət belə gedə bilməz. Burada möminlər bir-birlərinə qarşı qardaş münasibətləri bəsləyirlər.

Bunu qəbul etmək ağırdır, ancaq...
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ötən ilin aprelində Şamaxıda keçirdiyi regional tədbirdə yerli din xadimləri tərəfindən tez-tez qeyd olunurdu ki, bu bölgədə vəhhabilik surətlə yayılmaqdadır. Hazırda vəziyyət necədir?
- Bəli, bu məlumat doğrudur. Məscidin inşasının davam etdiyi 2 ildə şəhər möminləri namaz qılmaq üçün kəndlərə üz tuturdular və bundan da istifadə edən vəhhabilər rahat təbliğat apararaq, yeni gəncləri öz cərgələrinə çəkə biliblər. Bu müddət ərzində boşluqdan isifadə edən vəhhabilər az da olsa saylarını çoxalda biliblər. Məscid açıldıqdan sonra, Allaha şükürlər olsun ki, yenidən şəhər möminləri məscidə toplaşıb, namaz sıralarını doldurmağa başladılar, bununla vəhhabilərin təsiri azalıb.
Vəhhabilər mahir psixoloqdurlar
- Eşitdiyimizə görə, Şamaxıda digər məzhəb mənsubları ilə müqayisədə vəhhabilərin cümə namazlarında yüzlərlə insan iştirak edir. Bu doğrudurmu?
- Bu hamıya məlumdur ki, onlar dinin zahiri görünüşünə çox ciddi yanaşırlar. Onlarda hər nə var zahirdədir və bununla insanları cəlb edirlər. Azlıq təşkil etdikləri üçün aralarında birlik və dostluq əlaqələri daha güclüdür. Onlar ibadətlərini birlikdə yerinə yetirməyə daha çox səy göstərirlər. Bu da onları daha çox gözə çarpan göstərir. Digər məzhəblərin nümayəndələri isə namaza fərdi yanaşırlar. Məlum məsələdir ki, sünni və şiə müsəlmanların sayı vəhhabilərdən qat-qat çoxdur, lakin vəhhabilər qədər camaat namazına əhəmiyyət vermirlər. Fikrimcə, bu məsələdə onların azlıq təşkil etməsi böyük rol oynayır.

Radikallığa qarşı daim ayığıq
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxıda təşkil etdiyi konfransdan sonra şəhər rəhbərliyi və ya məscid rəhbərliyi tərəfindən vəhhabilərin fəaliyyətlərinə qarşı hər hansı bir tədbir görülürmü?
- Bəli, olur. Həm rayon, həm də məscid rəhbərliyi tərəfindən xüsusi tədbirlər, toplantılar təşkil edilir. Lakin, bu məsələdə elmli insanlar, xüsusi dini təhsili olanlar, İslamı təbliğ edənlər daha fəal rol oynamalı və dini düzgün şəkildə təbliğ etməlidirlər ki, camaatın da vəhhabi cərəyanına qarşı meyli azalsın. Bizlər iştirak etdiyimiz hər toplantıda, məclisdə, xütbələrimizdə dini düzgün çatdırmağa və vəhhabiliyin təhlükələri haqda insanları məlumatlandırmağa çalışırıq.