"Qarabağla bağlı mənim yalnız bir prinsipim var ki, bu da Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılmasıdır. Mən münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyam". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə söyləyib.
A. Paşazadə Dağlıq Qarabağa təşkil olunan səfərlərə də müsbət yanaşacağını bilirib: "Hələlik mənə Qarabağa getməklə bağlı təklif olmayıb, ancaq belə səfərlərə pis baxmıram. Biz öz torpağımıza gedirik. Qarabağ bizimdir, başqasının deyil. Əgər Qarabağ bizimdirsə, onda Dağlıq Qarabağla əlaqə saxlamaq normaldır. Biz ermənilərlə birlikdə yaşayacağıqsa, onda "Xalq Diplomatiyasi"nı dəstəkləyirəm, ancaq torpaqlarımızın azad olunması şərtilə. Hesab edirəm ki, belə səfərlərin ancaq xeyri ola bilər. Əgər mənim səfərimin Azərbaycana hər hansı köməkliyi dəyərsə, Dağlıq Qarabağa gedərəm".
QMİ sədri 1988-ci ildən başlayaraq Ermənistan katolikosu ilə görüşlər keçirdiyini xatırladıb: "Bizim görüşlərdə hətta müəyyən sənədlər də imzalanıb. Gələcəkdə belə təkliflər olarsa, baxacağıq. Ola bilər, bu yaxınlarda Rusiya patriarxı bizim növbəti görüşümüzü təşkil etsin. Gələn ilin aprelində Bakıda MDB Dinlərarası Məşvərət Şurasının toplantısı keçiriləcək. Mənim adımdan Ermənistan katolikosu Qareginə də dəvət göndəriləcək. Əgər o istəyəcəksə, gəlib iştirak edə bilər".