İlham Əliyev: "Azərbaycanda hakimiyyətlə din xadimləri arasında möhkəm dostluq əlaqələri var"
Azərbaycan Prezidenti İlham Əliyev Təzəpir məscid kompleksinin açılışında iştirak edən xarici ölkələrin din xadimlərini qəbul edib. Dövlət başçısı Təzəpir məscid kompleksinin açılış mərasimində iştirak etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək deyib ki, bizim müxtəlif xalqlarla, o cümlədən din xadimləri ilə yaxşı münasibətlərimiz var.
"Qafqazda sülh hamıya lazımdır. Həm regionda yaşayan xalqlara, həm də bütün dünyaya. Təəssüflər olsun ki, regionumuzda həmişə münaqişələr, müharibələr olub və bu gün də var. Bütün bunlara ancaq birgə səylərlə son qoymaq olar".
Azərbaycan Prezidenti vurğulayıb ki, biz öz dinimizi dünyaya olduğu kimi təqdim etmək üçün maarifləndirmə işlərini gücləndirməliyik. Müxtəlif təşkilatlar çərçivəsində tədbirlər də keçirilməlidir. Prezident İlham Əliyev bu istiqamətdə Bakıda keçirilən mühüm tədbirlər barədə qonaqlara məlumat verib və deyib ki, Azərbaycan dinlərarası dialoqun mərkəzi olmaq imkanına malikdir: "Bir tərəfdən, Azərbaycanda islam ənənələri çox möhkəm və qədimdir. Digər tərəfdən, ölkəmizin coğrafi vəziyyəti də öz rolunu oynayır. Azərbaycan həm Avropanın, həm də Asiyanın bir hissəsidir".
Müsəlman dövlətləri ilə yaxşı əlaqələr qurmaqla yanaşı, Avropa Şurasının üzvü olan və digər Avropa qurumları ilə əməkdaşlıq edən Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, respublikamızın hər bir vətəndaşı özünü cəmiyyətin bir hissəsi kimi hiss edir. Hakimiyyətlə din xadimləri arasında möhkəm dostluq əlaqələri var.
Dövlət başçısı bu məsələlərdə Qafqaz Müsəlmanları İdarəsinin və MDB Müsəlmanları Məsləhət Şurasının sədri şeyxülislam Allahşükür Paşazadənin xidmətlərindən də danışıb. Daha sonra Prezident İlham Əliyev respublikamızın iqtisadi inkişafı barədə xarici ölkələrin din xadimlərinə məlumat verərək bildirib ki, dünyada mövcud olan iqtisadi böhrana baxmayaraq, son beş ayda Azərbaycanın iqtisadiyyatında 4,5 faiz artıma nail olunmuşdur. Bütövlükdə son beş il ərzində iqtisadiyyat 2,6 dəfə artıb. Yoxsulluq 49 faizdən 13 faizə enib, 800 minə yaxın yeni iş yeri yaradılıb. Regionlarda sosial məsələlərin həllinə böyük diqqət yetirilir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi zamanı doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin, eləcə də Ermənistandakı qədim torpaqlarından qovulmuş soydaşlarımızın və Orta Asiyadan Azərbaycana köçmüş mesxeti türklərinin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Dövlət başçısı bildirib ki, qonşu ölkələrdən fərqli olaraq, biz bu problemləri kənardan yardım almadan, öz gücümüzlə həll edirik. Daha sonra Azərbaycan Prezidenti Rusiyanın regionları, xüsusilə də Şimali Qafqaz respublikaları ilə əlaqələrdən, bütövlükdə qonşu Rusiya Federasiyası ilə münasibətlərin bugünkü vəziyyətindən danışıb, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkə xalqlarının mənafeyinə xidmət etdiyini əsaslandırıb.
Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdıyev Təzəpir məscid kompleksinin əsaslı yenidənqurmadan sonra dindarların istifadəsinə verilməsini çox mühüm hadisə kimi dəyərləndirib və deyib ki, Allah eşqinə bu dünyada məscid tikənə Allah-təala cənnətdə saray tikir.
Küveyt Dövlətinin islam və vəqf nazirinin müavini Adil əl-Fəlah Prezident İlham Əliyevi, bütün Azərbaycan xalqını Təzəpir məscid kompleksinin açılışı ilə əlaqədar təbrik edib və din xadimlərinin belə formatda görüşünün təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib.