Namazın səcdəsində alınla möhür arasında maneə olsa, səcdə düzgün sayılarmı?
Namazın səcdəsində bədənin yeddi üzvünün yerə dəyməsi lazımdır: alın, iki ovuc, iki diz və ayaqların baş barmaqlarının ucu. Amma bu yeddi üzvdən alın xüsusi özəlliyə malikdir. Belə ki, əgər alın yerə dəydisə, o biri altı üzvdən bəziləri dəyməsə belə, səcdə sayılar. Amma alın yerə dəymədən o biri altı üzv yerə dəysə də, səcdə sayılmaz. Başqa bir özəllik budur ki, alınla səcdəgahın (torpaq, möhür və ya səcdəyə layiq olan başqa yer) arasında heç bir maneə olmamalıdır. Əgər alın birbaşa səcdəgaha dəyməsə və arada maneə olsa (məsələn, örpək möhürlə alın arasında qalsa) səcdə düzgün sayılmaz. Amma qalan altı səcdə üzvü üçün bu şərt yoxdur. Məsələn, dizlərlə yer arasında şalvar maneə ola bilər, corabla səcdə etmək olar, hətta əlcəklə də səcdəyə getmək batil deyil.
İslam.az