Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini hesab edir ki, ölkənin dini modeli formalaşdırılmalıdır. "Azərbaycanda dini sahədə olan destruktiv və kənar təsirlərin minimuma endirməklə və digər tərəfdən dindar kəsimin cəmiyyətə inteqrasiyasına nail olmaqla ölkənin özünün dini modeli son olaraq formalaşıb ortaya çıxa bilər".
Bu barədə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov İnsan Haqları İnstitutunun təşkil etdiyi "Milli təhlükəsizlik və dini etiqad azadlığı" adlı konfransında bildirib. Əsgərov Azərbaycanda dindar təbəqənin cəmiyyətə inteqrasiyasına mənfi baxmaq tendensiyasından təəssüfləndiyini bildirib. "Bu problem tək Azərbaycana xas olan deyil, liberal qərb dəyərləri üzərində inkişaf edən bir sıra dövlətlərin ilk dövrlərində də yaşanıb. Bu gün Azərbaycanda dindar təbəqənin cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə zərurət var", - sədr müavini deyib.
O bildirib ki, Azərbaycan öz dini ənənələrini özü normallaşdırmaq, nəzarət etmək və formalaşdırmaq iqtidarındadır. "Azərbaycanda bu gün kifayət qədər dini kadr potensialı var və hesab edirəm ki, ölkədə dini ehtiyacı ödəmək üçün daxili kadr potensialı kifayət edər", - Əsgərov deyib. // Trend