Həzrət Muhəmməd Peyğəmbərin (s) babasının əsil adı Əbdülmüttəlib olub, yoxsa bu onun ləqəbi idi?
Əbdülmüttəlib Peyğəmbərin babasının ləqəbidir. Bəzi məlumatlara görə, onun əsil adı Şeybə idi. Atası Haşim (Haşimilər soyunun əcdadı), anası isə yəsribli Səlma adlı qadın idi.
Haşim Şama ticarət səfəri zamanı vəfat edəndən sonra onun səlahiyyətləri qardaşı Müttəlibə (İmam Şafiinin ulu əcdadına) verildi. Bu zaman balaca Şeybə anası ilə birlikdə Yəsribdə yaşayırdı. Müttəlib qardaşı oğlunun varlığından xəbər tutan kimi Yəsribə gəldi, Səlmanı razı saldı ki, Şeybəni özü ilə birlikdə Məkkəyə aparmasına icazə versin. Deyirlər ki, Müttəlib Məkkəyə qayıdanda 8 yaşlı Şeybəni öz atının tərkinə almışdı. Ərəblər öz nökərlərini atın tərkində otuzdurduqları üçün Şeybəni də Müttəlibin köləsi hesab etdilər. O zamandan Şeybəyə “Əbdülmüttəlib”, yəni “Müttəlibin köləsi” deməyə başladılar. Başqa bir rəvayətə görə, Müttəlib Şeybəyə göz dəyməsindən qorxaraq, onu öz köləsi kimi təqdim etmişdi.
İslam.az