Rusiya paytaxtı Moskvada MDB-nin müsəlman dini liderlərinin konfransı keçirilib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, konfransa MDB dinlərarası şuranın həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edib.
Şeyx, son 18 ildə ilk dəfə belə yüksək səviyyədə və geniş miqyasda görüş keçirildiyini bildirib. O, MDB müsəlmanlarının Məsləhət Şurasını yaratmağı və bu orqanın illik iclasının keçirilməsini təklif edib. Hacı Allahşükür Paşazadənin sözlərinə görə, MDB məkanının dini liderləri dövlətlərin ərazi bütövlüyünə, təhlükəsizlik və sabitliyinə təcavüz edən qüvvələrə qarşı inamla mübarizə aparırlar.
Hacı Allahşükür Paşazadə nitqində Dağlıq Qarabağ probleminə də toxunub: "Biz yaradana yalvarırıq ki, Azərbaycan və Ermənistan başçıları bütün çətinlik və ziddiyyətləri səbrli şəkildə arxada qoyaraq, qarşılıqlı münasib qərara nail olsunlar".
Konfransa 8 MDB ölkəsindən 40 müsəlman din xadimi və Rusiyanın ənənəvi icmalarının başçıları qatılıb.