Postsovet məkanı tarixində ilk dəfə olaraq Moskvada Müstəqil Dövlətlər Birliyinin müsəlman dini liderləri toplaşacaqlar. Tədbirin keçirilməsinin təşəbbüskarı Qafqaz müsəlmanları Ali Şurası və Beynəlxalq İslam missiyasıdır. Forumun təşkilat komitəsinə MDB Dinlərarası Şuranın həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir.
Görüş iyunun 17-də beynəlxalq elmi-praktiki konfrans formatında keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, "MDB müsəlmanları konfessiyalararası və millətlərarası razılaşma uğurunda" mövzusunda keçiriləcək tədbirə Rusiyanın İslam mədəniyyəti, elm və təhsil üzrə Fondu dəstək verib. Görüşdə MDB məkanında müsəlmanlar arasında qarışılıqlı fəaliyyətin səmərəliliyinin yüksəldilməsi, konfessiyalararası əlaqələrin və dövlət-konfessiya münasibətlərinin möhkəmləndirilməsi, islam dininə zidd təlimlərə və ekstermizm təzahürlərinə qarşı mübarizədə səylərin birləşdirilməsi, bioetik problemlərin həllində iştiraka dair məsələlər müzakirə ediləcək.
Birlik ölkələrinin müsəlman təşkilatlarının başçıları Moskvaya islamofobiya və ekstremizmə qarşı səmərəli mübarizə tədbirlərinə, MDB məkanında dini təşkilatların birliyinin möhkəmləndirilməsinə dair təkliflər gətirəcəklər.
Sammitdə MDB ölkələrinin dini liderləri, xarici ölkələrin dini təşkilatların rəhbərləri, İslam tədris müəssisələrinin rektorları iştirak edəcəklər. /ANSPRESS/