Əli Hüseynov: "Bu işi görmək üçün hansısa ölkənin universitetində 15 il təhsil almaq lazım deyil"
Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlərin ən çox müzakirə mövzusu olan "Dini etiqad azadlığı haqqında" qanunlara təklif olunan əlavə və dəyişiklikləri APA-ya şərh edib.
"Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan əlavə və dəyişikliyin mahiyyətindən danışan Ə, Hüseynov bildirib ki, bu qanunun iki maddəsinə əlavə və dəyişikliklər təklif edilir. Qanunun 8-ci maddəsinə "İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməsi" kimi müddəanın daxil edilməsi təklif edilir. Din dövlətdən ayrıdır. Burada məqsəd dini etiqad azadlığının məhdudlaşdırılması deyil. Söhbət dini ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin təyinatından gedir. Yəni müvafiq icra hakimiyyəti orqanı insanların dini etiqad azadlığına müdaxilə etmir. Yəni burada məsələnin mahiyyəti tənzimlənmədədir. Qanunun 21-ci maddəsinə təklif olunan dəyişiklik "İslam dininə aid ayin və mərasimlərinin aparılması yalnız Azərbaycanda təhsil alan, Azərbaycan vətəndaşı tərəfindən həyata keçirilə bilər" adlı müddəadır. Söhbət ancaq dini təhsildən gedir. Hər bir insanın istənilən yerdə təhsil almaq hüququ var. Biz dini ayin və mərasimlər deyəndə məscidlərdə və ibadət yerlərində həyata keçirilən tədbirləri nəzərdə tuturuq. Yəni hər hansı yas mərasimi və ya tədbirdən söhbət getmir. Azərbaycanda həm Heydər Əliyevin hakimiyyəti, həm də İlham Əliyevin hakimiyyəti dövründə tolerantlıq mövcud olub. Bu gün ölkədə Bakı İslam Universiteti fəaliyyət göstərir. Bundan başqa, dini təhsil verən dörd mədrəsə də var. Bu müəssisələrin maddi-texniki bazası dünyanın istənilən belə yönümlü məktəblərinin təchizatından geri qalmır. Yəni, İslam dini ilə bağlı təhsil almaqdan ötrü Azərbaycanda çox gözəl imkan var. Biz hüquqi və dünyəvi dövlətdə yaşayırıq, əhalinin əksəriyyəti müsəlmanlardır. İslam dini uzun əsrlərdir ki, Azərbaycanda mövcuddur. Azərbaycan xalqı dünyanın istənilən müsəlman ölkəsinin əhalisindən elmli, savadlı, bacarıqlı və monoteist təfəkkürlüdür. Bizim insanlar müqəddəs kitabı oxumaq və anlamaq imkanındadır. Bu gün hər bir azərbaycanlının evində Qurani-Kərim var. Sual olunur, belə bir şəraitdə İslam dinini kənardan gəlib öyrətməyə nə ehtiyac var? Mən bütün bunları bir vətəndaş kimi deyirəm. Azərbaycan xalqının hələ İslam dinindən öncə mövcud olan abidələrində müqəddəs dini kitablarda ehtiva olunan dəyərlər öz əksini tapıb. Yəni bu ölkədə İslam dinini kənardan gəlib öyrənməyə ehtiyac yoxdur. Kim belə düşünürsə, getsin bu düşüncəsini öz ölkəsində tətbiq etsin. Bəlkə də İslamın və digər səmavi dinlərin mövcud olmadığı yerlərdə bu işi görmək olar. Bizim ölkədə ənənəvi dinlər tarixən mövcud olub. Azərbaycanda hamıya məlum olan həqiqəti yenidən öyrənməyə lüzum yoxdur. Bizim bu sahədə kifayət qədər tanınmış alimlərimiz və mütəfəkkirlərimiz var. Bu o deməkdir ki, xalqımızın milli təfəkküründə həmişə dini, mənəvi dəyərlərə hörmətlə yanaşmaq xüsusi yer tutub. Vaxtilə təqib olunan bir çox dinin nümayəndələri məhz Azərbaycana sığınıblar. Hər zaman dini təfəkkürünü ifadə etmək baxımından təqib olunan bütün xalqlar Azərbaycanda məskən tapıblar. Bu bizim tariximizdir və tolerantlığımızla fəxr edirik. Çoxlarından yaxşı bildiyimiz İslamı başqa yerdən gəlib kiminsə öyrətməsinə heç bir ehtiyacımız yoxdur. Ona görə də ancaq Azərbaycanda təhsil alan Azərbaycan vətəndaşlarına ölkədə dini ayinlərin aparılması etibar oluna bilər. Hesab edirəm ki, qanuna təklif olunan dəyişiklik Bakı İslam Universitetinin dolayısı ilə təkmilləşməsinə təkan olacaq. Ancaq kimsə Azərbaycan hüdudlarından kənarda yüksək dini təhsil alıbsa, qətiyyən narahat olmasın. Onların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Belə adamlar buyurub Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Milli Elmlər Akademiyasında və digər sahələrdə fəaliyyətlərini göstərə bilərlər. Yenə də deyirəm ki, söhbət yalnız ibadət yerlərində dini ayinlərin aparılmasından gedir. Bu işi görmək üçün hansısa ölkənin universitetində 15 il təhsil almaq lazım deyil. Yeri gəlmişkən, bir məsələyə də münasibət bildirmək istəyirəm. İslam dinini yaymaq istəyənlər bu dinin mahiyyətinə fikir versinlər, müsəlman qardaşlığını yada salsınlar və görsünlər ki, torpağı işğal olunan müsəlman - Azərbaycan xalqını hər yerdə dəstəkləmək lazımdır. Onlar bu məsələyə daha çox fikir versələr, yaxşı olar. Qoy onlar Qurani-Kərimin məhz bu baxımdan müsəlmanların üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsinlər. Yəni məncə əlavə şərhə ehtiyac yoxdur.