Kanadanın bir televiziyasında nümayiş olunan və uydurma bir amerikan şəhərindəki müsəlman icmasının həyatından bəhs edən "Çöllükdəki kiçik məscid" adlı komediya serialı Humanitar Fəaliyyət Sahəsində İnsan Haqları təşkilatının Nyu-York bölməsinin nüfuzlu mükafatına layiq görülüb. "Ortaq məxrəc axtarışında" adlanan bu mükafata əvvəllər Nobel laureatı Dezmond Tutu və ABŞ-ın keçmiş prezidenti Cimmi Karter kimi görkəmli xadimlər layiq görülüblər.
"Bu mükafat bizə təskinlik verir. Bu sübut edir ki, biz doğru yoldayıq", - deyə "Kiçik məscid" filminin icraçı prodüseri Meri Darlinq mükafatın təqdimat mərasimində bildirib.
"Bu şounu yaratmaqla biz camaatı güldürmək istəyirdik. Amma başqa hədəf də var idi – Stereotipləri söküb atmaq, mifləri uçurmaq. Biz düşündük ki, komediya insanları dialoqa cəlb etmək, etiqadlarından asılı olmayaraq onların arasında qarşılıqlı anlaşma yaratmaq üçün əla vasitədir" - deyə o qeyd etmişdir.
"Çöllükdəki kiçik məscid" serialının televiziyada nümayişi filmə böyük uğur qazandırıb. Serialın məqsədi, müsəlmanlara qarşı əsassız mövhumatı yox etməkdir. Ekspertlərin fikrinə görə, buna qismən nail olunmuşdur.