Həştərxandakı Mahmud Əfəndi məscidinin rəhbərliyi sakitliyi pozduğuna görə cərimə edilib. Lent.az-ın vilayət prokurorluğuna istinadən verdiyi məlumata görə, buna Böyük İsada bazarının yaxınlığında yaşayan sakinlərin şikayəti səbəb olub.
Sakinlər şəhər orqanına şikayət edərək bildiriblər ki, məscid rəhbərliyi hər gün səhər 4-də və axşam saat 23-də səsgücləndirici vasitəsilə insanları namaza çağırır. "Rospotrebnadzor"un nümayəndələri tədqiqat apararaq müəyyən ediblər ki, əzan səsi həqiqətən də gecə vaxtı üçün müəyyən olunan səs normalarını keçir.
Bundan sonra prokurorluq məscidə cərimə kəsib. Amma cərimənin məbləği bəlli deyil. "İnzibati qanun pozuntuları barədə" qanuna əsasən, gecə sakitliyini pozan fiziki şəxslər 100 rubldan 2 min rubla kimi, vəzifəli şəxslər 500 rubldan 3 min rubla kimi, təşkilatlar isə 1 min rubldan 20 min rubla kimi cərimə edilə bilərlər.
Prokurorluq orqanları bildirirlər ki, bundan əvvəl Mahmud Əfəndi məscidinə xəbərdarlıq olunsa da, gecə vaxtı əzan səsləri kəsilməyib.