“Təzkirətül-Övliya” kitabında nəql edilən bir rəvayətə görə, miladi təqvimlə 8-ci əsrdə yaşamış hədis alimlərindən olan Abdullah bin Mübarək Məkkədə həcc mərasimini yerinə yetirdikdən sonra yuxulayır. Yuxusunda görür ki, səmadan enən iki mələk söhbət edir:
“Bu il 600 min kişi Kəbəni ziyarət etdi. Hamısının ziyarəti Şamda yaşayan pinəçi Əli ibn Müvəffəqin bir əməlinin bərəkətinə qəbul olunub. Özü də Həccə gəlmək istədi, lakin gələ bilmədi.”
Yuxudan ayıldıqdan sonra heyrət içində qalan ibn Mübarək məsələnin əslini öyrənmək üçün Şam karvanına qoşulur və pinəçini axtarıb tapır.
"Söhbət gəzir ki, Həccə getməyə hazırlaşırdın, lakin bu baş tutmayıb. Səbəbini bilmək olarmı?” - deyə pinəçidən soruşur. İbn Mübarəki tanıyan pinəçi başına gələn əhvalatı ona danışır:
“Otuz ildir Həccə getmək arzusu ilə qənaət edib 300 dirhəm yığmışdım. Nəhayət bu il getmək qərarına gəldim.
Bir gün qonşum ət bişirərkən iyi ətrafa yayılır. Hamilə yoldaşımın könlü də ət istəyir və məndən xahiş edir ki, qonşudan bir az alım.
Qonşuya gedib vəziyyəti izah etdim. Ağlayaraq dedi:
“Neçə gündür uşaqlarım acdır. Təsadüfən yolda ölmüş bir heyvan gördüm və ətindən bir tikə kəsdim. Hazırda onu qaynadıb uşaqlarıma hazırlayıram. Halal bir qida tapa bilməsəm, ölməmələri üçün məcbur olaraq bu ətdən onlara yedirəcəm. Bu haram ət onlara ölümlə üz-üzə qaldıqları üçün halaldır, lakin sizə haramdır. Amma yenə də arzu etsəniz, verərəm.”
Bu sözləri eşidəndə çox narahat oldum və 30 il ərzində topladığım 300 dirhəmi ona verdim. Ürəyimdə “Ey Rəbbim! Həcc niyyətimi qəbul et” deyə dua etdim.
Bunları eşidən ibn Mübarək gördüyü yuxusunun mənasını baş düşür.