"İsrail" hakimiyyəti Qüds (Yerusəlim) şəhərində müsəlmanlar üçün müqəddəs olan "əl-Əqsa" kompleksinin məğrib qapısının yanında "arxeoloji qazıntı" adı altında aparılan qazıntı işlərini bərpa edir. Bu barədə Nazirliklərarası Komissiya göstəriş verib. Məlumatı news.ru internet saytı yayıb.
İordaniyanın "İsrail"dəki səfiri Əli əl-Əid Xarici İşlər Nazirliyindən müvafiq izahat tələb edib. O bəyan edib ki, əl-Əqsa məscidinin yaxınlığında qazıntı işlərinin bərpa edilməsi Annapolisdəki Millətlərarası Sülh Konfransının işini çətinləşdirə bilər.
Xatırladaq ki, sentyabrda Yerusəlimin işğalçı administrasiyası birbaşa məscidin ərazisinə aparan meydanın üst tərəfindəki məğrib qapılarının həndəvərində aparılacaq tikinti layihəsini təsdiq etmişdi. "əl-Əqsa" yaxınlığında müsəlmanların müqəddəs kompleksinin dağılması təhlükəsi yaradan qazıntı işləri bütün dünyada müsəlmanların etirazına səbəb olub. 2007-ci ilin yazında Moskvada qazıntıların əleyhinə bir neçə kütləvi aksiyalar keçirilib.