İranın cənub-şərqində məscid partladılıb. "Associated Press" agentliyinin məlumatına görə, partlayış nəticəsində 19 nəfər ölüb, 125 nəfər isə yaralanıb.
Məscid binasının bir hissəsi partlayış nəticəsində dağılıb. Qurbanlardan 15 nəfəri hadisə yerindəcə ölüb. Daha 4 nəfər sonradan xəstəxanada keçinib. Xəstəxanalarda 80-dən çox ağır yaralı qalır. Hələlik terror aktının məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Ölənlərin çox olması onunla izah edilir ki, hadisə baş verən zaman məsciddə xeyli adam olub. Dindarlar Məhəmməd peyğəmbərin (S.Ə.S.) qızı Fatimeyi-Zəhranın ölümünün ildönümünü qeyd edirlərmiş.
"FARS" informasiya agentliyi hadisənin Zahidan şəhərinin ikinci böyük məscidində baş verdiyini bildirir. İran xüsusi xidmət orqanları partlayışla bağlı bir neçə nəfəri həbs ediblər. Sistan-Bəlucistan əyalətinin qubernatoru Əli Məhəmməd Azad tutulanların dəqiq sayı barədə məlumat verməkdən imtina edib.