Həzrət Zeynəbin məzarı niyə Dəməşqdədir? Məgər əsirlər Kərbəladan Dəməşqə aparılandan sonra yenidən Mədinəyə qayıtmayıblar?
Həzrət Zeynəbin Dəməşqdən Mədinəyə qayıtdıqdan sonrakı taleyi haqqında məlumatlar ziddiyyətlidir. Şiə rəvayətlərinə görə, hicri 62-ci ildə (miladi 681-682-ci illər) Yezid qoşunları tərəfindən Mədinədə törədilmiş qətlü-qarətdən (Hərrə faciəsi) sonra burada dəhşətli qəhətlik baş verir. Həzrət Zeynəbin əri Abdullah ibn Cəfərin Şamda əkin sahələri vardı. O, qəhətlikdən qaçmaq və öz əkin sahələrin məhsulundan faydalanmaq üçün Şama yollanır, Zeynəbi də özü ilə aparır. Zeynəb az sonra burada vəfat edir və qədim Dəməşq şəhərindən 7 km. şərqdə yerləşən Raviyə kəndində dəfn olunur. Hal-hazırda buralar Dəməşqin Zeynəbiyyə məhəlləsi adı ilə məşhurdur.
Əhli-sünnə mənbələrində isə göstərilir ki, Yezidin imzaladığı sürgün əmrindən sonra Zeynəb Misrə yollanmış, orada Misir valisi Məsləmə ibn Müxəllid Ənsari Xəzrəci tərəfindən ehtiramla qarşılanmışdı. Zeynəb Misirdə camaata İslam qanunlarını təlim edir, onların şikayətlərini valiyə çatdırıb həllinə nail olurmuş. Bu nəzəriyyəyə görə, Zeynəb hicri 65-ci ildə (miladi 684-685-ci illər) Misirdə vəfat etmişdir. Qahirə şəhərində onun şərəfinə böyük ziyarətgah mövcuddur.