Adəm və Həvva Azərbaycan səhnəsinə gəlir. İrəvan Dövlət Dram Teatrında hazırlanan "Adəm və Həvva" tamaşası bütün insanların ulu babası, Allahın yaratdığı ilk insanlardan bəhs edir. Səhnə əsəri yazıçı Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında səhnələşdirilir.
Mücərrəd formada olan tamaşaya quruluşu Nazir Rüstəmov verir. Səhnə əsərində Adəm və Həvva indiki zamana gələrək müasir dövrün insanları ilə qarşı-qarşıya durur. Burada onlara məhkəmə qurulur. Adəm və Həvva müasirlərinə etmədikləri günaha görə ittihama edilmələrinin haqsız olduğunu sübut etmək istəyir.
"Adəm və Həvva" tamaşasında rolları xalq artisti Süleyman Nəcəfov, əməkdar artist Vaqif Kərimov, aktyorlar Samir Bayramov, Əhliman Ərşədov, Aslan Məmmədov, Pərviz Gülməmmədov və başqaları ifa edir. Səhnə əsərində rəqslərə quruluşu Vüsal Mehrəliyev verib. Tamaşanın səhnə tərtibatı da rejissor Nazir Rüstəmova məxsusdur.
Tamaşa mayın sonlarında İrəvan Dövlət Dram Teatrında nümayiş etdiriləcək. /ANS PRESS/