Tikinti işləri üzrə yaşlı bir usta qocalıq səbəbilə illərdir çalışdığı şirkətlə fəaliyyətinə xitam vermək qərarına gəlir və rəhbərliyə bu qərarını çatdırır.
Daim işindən və əxlaqından razı qalan şirkət rəhbərliyi bundan narahat olur və ondan sonuncu dəfə bir ev tikməyi xahiş edir. Usta çarəsiz təklifi qəbul edir, lakin evin tikintisinə həvəssiz başlayır. Usta qısa zaman ərzində işini bitirir, lakin əvvəlki işləri ilə müqayisədə ucuz materiallardan istifadə edərək çox bəsit konstruksiyası olan bir ev hazır edir.
Ustanın işini bitirdiyini eşidən rəhbərlik onu çağırır və halal zəhməti müqabilində yeni evin açarını ona hədiyyə edir.
Qoca usta barmağını dişləyib peşman olur və “evin mənə veriləcəyini bilsəydim..." - deyə öz-özünə danışır.
Həzrət Əli (ə) oğlu İmam Həsənə vəsiyyətində buyurur:
“Özün üçün bəyəndiyin şeyi başqası üçün də bəyən. Özün üçün istəmədiyin şeyi, başqası üçün də istəmə. Necə ki, sənə zülm edilməsini istəmirsən, sən də zülm etmə. Sənə yaxşılıq edilməsini istədiyin kimi, sən də yaxşılıq et. Başqalarında çirkin saydığın şeyi, özündə də çirkin say...”
(Nəhcül-Bəlağə 31-ci məktub)