Buş adminstrasiyası noyabrda keçirilməsi planlaşdırılan konfransının tarixi və yeri barədə məlumat verməkdən yayınır
Tehranda müqəddəs Ramazan bayramı mərasimlərində çıxış edən İranın Ali dini lideri Ayatullah Əli Xamneyi bütün müsəlman dövlətlərini Birləşmiş Ştatlarının təşkil etdiyi Vaşinqton-Yaxın Şərq sülh konfransını baykot etməyə çağırıb.
Ayətullah Əli Xamneyi həmçinin Birləşmiş Ştatlar rəhbərliyi altındakı koalisiya qüvvələrinin İraqı fəlakətə apardıqlarını söyləyib. Qeyd edək ki, Buş adminstrasiyası noyabrda keçirilməsi planlaşdırılan Yaxın Şərq sülh konfransının dəqiq tarixi və yeri barədə dəqiq məlumat verməkdən yayınır. Konfransın iştirakçı siyası və gündəliyi də açıqlanmayıb. ABŞ rəsmiləri yalnız bu konfransın Fələstin-İsrail münaqişəsində ciddi bir irəliləyiş olacağı barədə məlumat verməklə kifayətlənir.
Buş administrasiyası Suriya prezidenti Bəşər Əsədin konfransa dəvət olunacağını söyləsə də, Suriya prezidenti ölkəsinin konfransda təmsil edilməyəcəyini bildirib. Misir, İordaniya və Səudiyə Ərəbistanı rəhbərliklərinin də konfransda iştirak etməyəcəkləri ehtimal edilir.