Azərbaycanın cənub zonasında (Lənkəran, Astara, Masallı, Lerik, Biləsuvar, Cəlilabad, Yardımlı) xaricdə təhsil alan tələbələrimizin ölkəyə gətirdiyi yayımı qadağan olunan zərərli dini kitablar müsadirə edilib.
"Son bir ayda Biləsuvar və Astara gömrük məntəqələrində xaricdə təhsil alan tələbələrimizin gətirdiyi kitablar arasında yayımı qadağan olunan dini kitablar aşkarlanıb", - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub zonası üzrə şöbə müdiri Miryəhya Bəbirov bildirib.
Bəbirov deyib ki, tələbələr arasında aşkar olunan zərərli dini kitablar əsasən ərəb, fars və rus dillərindədir. Onun sözlərinə görə, əvvəlki illərə nisbətən xaricdən Azərbaycana gətirilən zərərli dini kitabların sayı 60 faiz azalıb. Bu da dini maarifləndirmənin və mübarizənin gücləndirilməsinin nəticəsidir.
Şöbə müdiri deyib ki, Cənub zonasında vəhabilər və "Yahova şahidləri" dini sektasının daşıyıcıları var. Lakin onların aktiv fəaliyyətinin qarşısı alınıb. // Trend