Deyirlər haramdan cünub olmuş adamın təri haramdır. Bu belədirmi?
Keçmişdə yaşamış müctəhidlərin bir qismi haramdan cünub olmuş adamın tərini nəcəs bilir və pak olmasını şərt qoyurdular. Haramdan cünub olmaq deyərkən, məsələn, zina etməklə, istimna etməklə, ramazan ayında oruc saatlarında cinsi əlaqədə olmaqla, heyz halında olan qadınla yaxınlıq etməklə və sairə bu kimi haram üsullarla cünub olmaq nəzərdə tutulur. Son dövrlərdə yaşamış müctəhidlərin və hazırda diri olan mərceyi-təqlidlərin bir qismi haramdan cünub olan adamın tərini nəsəc bilməsə də, bu tərlə namaz qılmağı ehtiyata görə caiz hesab etmirlər. Yəni haramdan cünub olan adam cənabət qüslü alana kimi tərləsə, gərək bədənini pak etsin. Əgər paltarına tər dəyibsə, paltarını pak etsin. Onun tərlə islanmış paltarında başqa adam da namaz qıla bilməz. Lakin Ayətullahül-üzma Sistani haramdan cünub olmuş insanın tərini namaza maneə saymır və bu tərlə namaz qılmağa icazə verir.