Qırx iki ölkənini din xadimlərinin iştirakı ilə Türkiyənin İstanbul şəhərində Avrasiya İslam Şurasının yeddinci iclası keçirilir. Mayın 15-dək davam edəcək toplantıda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə təmsil edir.
Türkiyənin dini işlər rəhbəri Ali Bardakoğlu dünyada İslama qarşı təpkilərin olduğunu deyib və şura üzvlərini bununla bağlı düşünülmüş qərarlar verməyə çağırıb. Bunun üçün o, hər bir dini lideri öz ölkəsində İslamı doğru şəkildə təbliğ etməyə çağırıb. Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü olan Allahşükür Paşazadə isə çıxışında əsas diqqəti regiondakı münaqişəyə çəkərək Ermənistanın işğal etdiyi torpaqlarda Azərbaycanın dini abidələrinin dağıdıldığını bildirib. Toplantıya qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə İslamın terrorla eyniləşdirilməsinə etiraz edərək dövlətləri buna qarşı ciddi tədbirlər görməyə çağırıb. /ANS TV/