Niyə diri müctəhidə təqlid edilir?
Cəfəri məzhəbinə görə, insan ibadət əməllərinə başlayarkən, mütləq diri (sağ) olan müctəhidə təqlid etməlidir. Amma bir müctəhidin sağlığında ona təqlid edən şəxs müctəhidin vəfatından sonra da ona təqlid etməkdə qala bilər. Bir müctəhidə təqlid etdikdən sonra onun təqlidini buraxıb başqa bir ölü müctəhidə təqlid etməyə başlamaq olmaz. Təqlidə başlayan şəxs üçün mütləq diri müctəhidin vacibliyi ona əsaslanır ki, dünya inkişaf etdikcə, dünyanın siyasi vəziyyəti, müsəlmanların şəraiti dəyişdikcə, təzə fətvalar verməyə və köhnə fətvalara yenidən baxmağa ehtiyac yaranır. Adam 100 il bundan qabaq yaşamış bir müctəhidə təqlid etsə, bank əməliyyatları, internetdəki pul birjalarına qatılmağın hökmü, lotereyanın hökmü, paltaryuyan maşında yuyulan paltarın pak olub-olmaması, süni mayalanma, bədən üzvlərinin transplantasiyası kimi yeni çıxan məsələləri haradan öyrənəcək? Və yaxud bu günə aid olan siyasi proseslərdə hansı mövqe göstərməli olduğunu haradan biləcək?