Neft Daşlarında yerləşən məscidin söküləcəyi ilə bağlı yayılan xəbərlər təsdiqlənib. Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) verdiyi xəbərə görə, bu gün artıq səhər saat 11 radələrinə məscid tamamilə sökülüb.
Amma minarənin sökülməsi yarımçıq qalıb. Belə ki, gecə cəlb edilmiş texnika vasitəsilə minarəni tam sökmək cəhdləri nəticə verməyib, hər üç cəhddə texnikanın dəmir trosu sınıb.
Xatırladaq ki, məscid mayın 10-da bağlanıb. Bundan sonra məscidin çılçırağı, istilik sistemi və kondisioneri sökülüb. Bu zaman rəsmi nümayəndələr heç bir açıqlama verməyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən rəsmi məlumatın olmamasına istinad edərək, Neft Daşlarında məscidin sökülməsi ilə bağlı şərh verməkdən imtina ediblər (Turan).
3 min insanın yaşadığı Neft Daşlarında məscid bir neçə ay əvvəl tikilmişdi. "Neft daşları" Xəzər dənizində buruqlar üzərində yaşayış məskənidir. Burada demək olar ki, 60 ildir neft çıxarılır.
Onu da bildirək ki, aprelin sonlarında Bakıda "Şəhidlər" məscidi təmir adı ilə bağlanıb, Yasamal rayonundakı məscid isə sökülüb.