Quranda Zəkəriyya Peyğəmbərin (ə) namaz qılmasından danışılır. Məgər İslamdan əvvəl də namaz qılınırmış?
Bəli, Həzrət Adəmdən (ə) bəri bütün peyğəmbərlərin zamanında namaz, oruc, həcc, zəkat kimi vacib ibadətlər olub və möminlər tərəfindən icra edilib. Sadəcə olaraq, onların yerinə yetirilmə qaydası fərqlənə bilərdi. Tarixdən məlumdur ki, Həzrət Mühəmməd (s) peyğəmbərliyə təyin olunmazdan qabaq ərəblərin içində hənif adlı adamlar var idi ki, onlar keçmiş peyğəmbərlərin, o cümlədən, Həzrət İbrahimin (ə) şəriətinə əməl edirdilər. Həmçinin, ərəblər İslamdan əvvəl də Həzrət İbrahimdən (ə) qalma həcc ziyarətini yerinə yetirirdilər. Doğrudur, Kəbə bütxanaya çevrilmişdi, ərəblər indikindən fərqli hərəkətlərlə, məsələn, əl çalmaqla, hətta bəzən çılpaq halda Kəbəni ziyarət edirdilər. Həccin nişanələri qalmışdı, amma tam təhrif edilmişdi. Bunlar sübut edir ki, İslamdan əvvəlki peyğəmbərlər də ibadət etmişlər, amma onların şəriəti sonradan təhrif olunmuşdu.