Rəhmətə getmiş insanın dəfnini təşkil etmək və məclisini aparmaq üçün molla pul ala bilərmi?
Ölü ilə bağlı bir neçə əməl var ki, onları icra etmək üçün pul alınmaz. Bunlara vacibi-kifayi deyilir. Bu əməllərin sayı üçdür: ölüyə İslam şəriətinə uyğun olaraq qüsl verib kəfənə tutmaq, dəfn etmək və cənazə namazını qılmaq. Bir müsəlman ölüsü üçün bu işlər edilməyincə, bütün başqa müsəlmanlar bunda sorumlu və cavabdehdirlər. Amma əgər bu işləri bir və ya bir neçə nəfər icra etsə, o birilərin boynundan məsuliyyət götürülər. Diqqət edilməlidir ki, burada qüsl, kəfən və dəfn üçün lazım olan materialların pulu nəzərdə tutulmur; bunlara görə pul tələb etmək olar. Söhbət bu işə çəkilən zəhmətə görə istənilən muzddan gedir. Yəni bir kəs ölünü qüslləyib kəfənləmək, qəbrini qazıb dəfndən sonra üstünü örtmək və ona cənazə namazı qılmaq üçün pul istəsə, haramdır. Amma digər xidmətlər üçün – məsələn, yas məclisini idarə etmək, ölünün ruhuna Quran oxumaq üçün pul almaq olar. Burada insafa riayət etmək əsas şərtdir.