Şiə əqidəsində olan, amma heç bir müctəhidə təqlid etməyən adamın ibadətləri qəbul olarmı?
Şiə məzhəbində olan adam öz əməllərini aşağıdakı üç qaydadan biri əsasında yerinə yetirməlidir. Birincisi, ya özü müctəhid olub dini hökmləri Quran və sünnədən çıxarmağı bacarmalıdır. İkincisi yol budur ki, ehtiyata əməl etməlidir, yəni bütün müctəhidlərin fətvalarını ümumiləşdirməlidir. Əgər bütün müctəhidlər bir əməli müstəhəb bilsələr, təkcə bir müctəhid vacib bilsə, gərək ehtiyata əməl edən adam o işi vacib saysın. Əgər bir əməli bütün müctəhidlər məkruh sayıb, yalnız biri haram bilsə, gərək o adam həmin əməli haram qəbul etsin. Göründüyü kimi, bu iki yol çox çətindir. Ona görə də əksəriyyət üçüncü yolla gedir, yəni ən elmli müctəhidə təqlid edir. Bu üç yoldan başqa bir yolla getmək olmaz, bu halda əməllər batil sayılar. Əgər insan bir müddət bilməməzlik üzündən bu üç yolun heç biri ilə getməsə, gərək təqlidin vacibliyini biləndən sonra təqlidə başlasın. Təqlidsiz və ehtiyatsız etdiyi əməlləri də yada salıb yoxlasın. Hansı əməl ehtiyata və ya öz vaxtında təqlid edilməsi lazım olan müctəhidin fətvalarına uyğundursa, o əməl düzgün sayılacaq. Əks halda, əməl batildir və qəza olunmalıdır.