Dünən Milli Məclisdə insan haqları və hüquq siyasəti və dövlət quruluculuğu komitələrinin birgə iclasında "dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Daha sonra isə qeydiyyatsız dini icmaların fəaliyyətini qadağan edən qanun layihəsi Milli Məclisə tövsiyyə olunub.
Milli Məclisin insan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bir sıra məscidlərin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən tikilməsindən narahatlığını ifadə edib. Ümumilikdə Azərbaycanda 1700 məscidin olduğunu qeyd edən parlamentin komitəsinin sədri, onlardan yalnız 500-nün qeydiyyatdan keçdiyini söyləyib. R.Aslanova həmçinin Qafqaz Müsəlmanları İdarəsinin dini icma kimi qeydiyyatdan keçməsinə diqqəti yönələdərək, ölkədəki digər icmaların fəaliyyətinə nəzarət məsələsində problem yarandığını və bu baxımdan qeydiyyat problemlərinin həll olunması üçün Qafqaz Müsəlmanları İdarəsinə xüsusi səlahiyyətin verilməsini təklif edib. /ANS TV/