Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Oktyabrın 16 və 17-sində bütün dünya müsəlmanları kimi Azərbaycan müsəlmanları da Qurban bayramını qeyd edəcək, niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaq, ələ düşmüş istirahət günlərindən istifadə edib qohumların görüşünə, yaxınlarının qəbirlərinin ziyarətinə gedəcək, kimsə yenə növbəti dəfə Qurban Bayramının mahiyyətini yada salacaq, bu bir neçə gündə bu bayramın nurundan, hərə başa düşdüyü həcmdə faydalanacaqdır.
“Qurban” - ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və "(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir. İslam aləminin 2 böyük bayramlarından biri olan Qurban bayramında ediləcək vacib və müstəhəb əməllərlə bağlı islam.az ilahiyyatçı Mirmehdi Dərafərinə bir neçə sualla müraciət edib:
- Bu müqəddəs bayramda hansı heyvanlar qurban kəsilə bilər?
- Qurban bayramında əsasən əti halal olan dördayaqlılar - qoyun, keçi, inək, camış, dəvə və bu qəbildən olan heyvanlar qurban kəsilə bilər.
- Bu gündə qurban kəsmək hamıya vacibdirmi?
- Qurban bayramı günü qurban kəsmək yalnız bu günlərdə Məkkədə həcc mərasimlərində iştirak edənlərə vacibdir. Qurban kəsmək üçün qoyulan şərtlər də yalnız mərasimdə iştirak edərək Minada qurban kəsəcək hacılara aiddir. Həcc mərasimində iştirak etməyən digər müsəlmanlara qurban kəsmək müstəhəbdir. Qurban kəsmək imkanı olanlar kəsə bilər və onlar üçün elə bir mühüm şərt yoxdur.
- Yəni qurban kəsməyə imkanı olub, lakin kəsməyənlərin günahı yoxdur...
Xeyr! Həcc mərasimində iştirak etməyənlər üçün qurban kəsmək vacib olmadığı üçün kəsməmək də günah sayılmaz.
- El arasında bu bayramda qurban kəsilərkən bəzən bıçağa dua oxunur. İslamda bu şərtdirmi?
- Təbii ki, bıçağa dua oxumaq vacib deyildir . Yaxşı olardı ki, bıçağa dua oxuyan şəxs qurban kəsilərkən heyvanın başı üzərində dua oxusun. İbrahim peyğəmbər qurban kəsərkən oxuduğu duanı oxusun. Allah-Təala Qurani-Kərimdə İbrahim peyğəmbərin dilindən oxunan duanın ayəsini bizlərə göndərib. Lakin qeyd edim ki, bu müstəhəb əməldir. Vacib olan məsələ “bismillah” demək, yəni qurbanın Allahın adı ilə kəsilməsidir.
- Bəzləri qurban ətini imkanlı qohum-əqrəbalarına paylayırlar. Hesab edirlər ki, qurban ətini qohumlara paylamaq daha yaxşıdır. Dinimizə görə qurban əti kimlərə paylanmalıdır?
- Ümumiyyətlə, qurban ətini paylayarkən, nəzir verərkən və ya hər hansı bir yaxşılıq edərkən ilk öncə yaxınlar, sonra qohumlar, sonra qonşular və bundan sonra digər şəxslər nəzərdə tutulur. Lakin qeyd etdiyimiz şəxslər arasından ilk növbədə kasıb təbəqə nəzərə alınmalıdır. Əlbəttə qohumları hər zaman sevindirmək dinimizdə çox bəyənilir. Lakin ət almağa imkanı olmayan insanlar birinci yada salınmalıdır. Belə insanlara qurban əti göndərməklə, onlara bayramı bayram kimi qeyd etmələrinə yardımçı oluruq.
- Qurban günü qılınan bayram namazı vacibdirmi?
- Qurban bayramının namazı vacib deyil. Bayram namazı müstəhəbdir. Bu namazı inşaallah İmam Zaman (ə) gəldikdə camaatla birlikdə qılmaq vacib olacaq. Hazırda insanlar bu namazı evdə tək də qıla bilərlər, məsciddə camaatla da qıla bilər. Qılmasalar da heç bir günahı yoxdur.