Oktyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirildi. Tədbir çərçivəsində “Dini icmaların sosial layihələrinə dəstək proqramı” layihəsinin yekunları elan olundu, ölkənin 20 dini icmasına xüsusi sertifikatlar təqdim edildi. Bu layihə haqqında daha geniş məlumat almaq üçün islam.az Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin əməkdaşı, layihənin ekspertlər şurasının üzvü Elmin Əliyevə müraciət edib.
- Layihənin məqsədi və hədəfləri barəsində nə deyə bilərsiniz?
- Hər şeydən əvvəl onu qeyd edək ki, “Dini icmaların sosial layihələrinə dəstək proqramı” adı altında reallaşdırılan bu layihə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi isə daha çox icraçı qurum kimi əməkdaşlıq edir. Layihənin əsas məqsədi ilk növbədə dini icmaların sosial həyata inteqrasiyasını sürətləndirmək, bu icmaların da iştirakı ilə dindar gənclərin və qadınların cəmiyyətdəki rolunun artırılmasına, habelə bu gün ən qabaqcıl dünya ölkələrini belə narahat edən ekoloji kirlilik məsələsi haqqında cəmiyyətimizin maarifləndirilməsinə kömək etməkdir. Ümid edirik ki, layihənin icrası bəzi sosial problemlərin həlli, xüsusilə gənclər arasında qeyri-formal təhsilə marağın artırılması istiqamətində dini icmaların daha aktiv iştirakını təmin edəcək, Azərbaycan xalqının milli mirası olan dini tolerantlıq təmayüllərinin gücləndirilməsi baxımından faydalı olacaqdır. Digər tərəfdən, göstərilən maddi köməklik hesabına iştirakçı icmaların kompüterlə təmin edilməsi qərarlaşdırılmış və beləliklə də “dini icmaların elektron şəbəkəsi” üçün ilk addım artıq atılmışdır.
- İcmalar necə seçilmişdir və göstərilən maddi dəstəyin miqdarı nə qədərdir?
- Layihə çərçivəsində dəstək verilən dini icmalar əvvəlcədən elan olunmuş müvafiq müsabiqənin nəticələrinə görə təyin edilmişdir. Müsabiqənin şərtləri və müraciət qaydaları Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan iftar süfrəsində bütün bölgələri təmsil edən dini icma üzvlərinə bildirilmiş, daha sonra isə müvafiq sənədlər Dövlət Komitəsinin rəsmi internet-saytına yerləşdirilmişdir. Kütləvi informasiya vasitələri ilə ictimaiyyətə elan edilən müsabiqədə ümumilikdə 40-dan çox dini icma iştirak etmiş və bunların arasından ən faydalı layihələri təqdim edən 20 icma seçilmişdir. Sözügedən icmalar Bakı, Sumqayıt, Neftçala, Cəlilabad, Sabirabad, Beyləqan, Gəncə, Göyçay, Ağdaş, Şəki, Şəki, İsmayıllı, Quba, Xaçmaz və Xudatta fəaliyyət göstərirlər. Bu isə proqramın ölkənin demək olar ki, bütün regionlarına şamil olunduğunu göstərir. İcmalara, hər birinə orta hesabla 5000 manatadək olmaqla maddi vəsait ayrılmışdır.
- Layihələr daha çox hansı istiqamətləri əhatə edir?
- Əvvəlcədən də təyin olunduğu üzrə layihələr əsasən ekologiya, kimsəsiz uşaqlarının cəmiyyətə inteqrasiyası, gənclərin şəxsi inkişafı, qadınların hüquqlarının qorunması və cəmiyyətdəki rollarının artırılması istiqamətində hazırlanmışdır. Belə ki, İKT resurslarının inkişafı, zərərli vərdişlərə qarşı mübarizə, şəxsi inkişaf kurslarının təşkili üzrə 10 layihəyə; ekoloji problemlərlə bağlı seminarların keçirilməsi, kütləvi iməcliklərin təşkili, müvafiq məlumat vəsaitlərinin çapı, kiçik abadlıq işlərinin aparılması istiqamətində 7 layihəyə dəstək veriləcəkdir. Maddi vəsait ayrılan digər 3 layihə isə qadınların ictimai fəallığının artırılmasına və kimsəsiz uşaqların cəmiyyətə sürətli inteqrasiyasının təşkilinə istiqamətləndirilmişdir.


islam.az