Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalıb. Bu ərəfədə qeyri-müsəlman icma üzvlərinin mövqeyi, düşüncələri də maraq doğurur. İslam.az ölkədə fəaliyyət göstərən bəzi qeyri-müsəlman icmaların rəhbərlərinə eyni suallarla müraciət edib:
- Ölkədə dini vəziyyəti necə dəyərləndirirsiniz?
- Seçkilərdə sizin dini icma üzvləri əsasən hansı namizədə dəstək verəcək?
Cavabları oxucularımızın diqqətinə çatdırırıq.
Robert Mobile (Alban Udin dini icmasının sədri)

- Müsbət dəyərləndirirəm. Xristian dini icmasının sədri kimi insanlarla və digər dini icmalarla tez-tez təmaslarda oluram və həm də bu sahədə çalışıram. Mənim müşahidələrimə görə, səmimi deyə bilərəm ki, Azərbaycanda tolerantlıq yüksək səviyyədədir və inkişaf edir. Bu sahədə çox müsbət nəticələr qazanmışıq. Tolerantlıq ölkədə həm dövlət tərəfindən, həm də dini icmalar tərəfindən təbliğ olunur. Əlbəttə, bəzi qüvvələr də var ki, radikallıq toxumu səpmək istəyirlər, lakin ölkəmizdə heç zaman radikallığa yer olmadığına, dini zəmində münaqişələr olmadığına görə deyə bilərik ki, onların toxumlarının inkişafı üçün münbit şərait yoxdur. Amma yenə də biz bu mənfi hallara qarşı çalışmalıyıq, belə düşüncələrin qarşısında sədlər qurmalıyıq.
Bizdə bu birmənalıdır. Mən açıq deyə bilərəm ki, etnoslar və kiçik xalqlar, başqa dinə ibadət edən kiçik cəmiyyətlər üçün ölkədə ən önəmli məsələ sabitlikdir. Yoxsulluq, aclıq, işsizlik, kasıblıq kimi məsələlər bu azlıqlar üçün ikinci dərəcəlidir. Biz bunu tarixən təcrübə etmişik. Məsələn, 18-ci və 90-cı illərdə ən böyük zərbə azlıqlara, biz udinlərə dəyib. Bu kimi problemlərdə bizlər həmişə nəsə itirmişik. Ümumiyyətlə etnoslar həmişə sabitliyə daha çox önəm verir. Bu mənada bizim üçün alternativ yoxdur. Allaha şükürlər olsun ki, müstəqil bir dövlətda sabit bir şəraitdə yaşayırıq.
Melex Yevdayev (Dağ yəhudiləri dini icmasının sədri)
- Azərbaycan konstitusiyasına görə, irqindən, milliyyətindən və kimliyindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları öz kimliyini, milli adət-ənənələrini, mənəvi dəyərlərini qoruyub saxlamaqla öz dini ayinlərini keçirməkdə sərbəstdirlər. Bunlar ancaq tək konstitusiyada yazılmış kimi qalmır. Bu qanun ölkədə həqiqətən də həyata keçirilir. Bunun bariz nümunəsi bizik. Biz dağ yəhudiləri öz ayinlərimizi vaxtlı-vaxtında sərbəst olaraq keçirir və milli adət-ənənələrimizi də inkişaf etdirərək və həmçinin də milli-mənəvi dəyərlərimizi saxlayaraq Azərbaycanda yaşayan bütün azsaylı xalqlarla, həmçinin də Azərbaycan xalqı ilə tam mehriban bir şəraitdə yaşayırıq.
Bizim dini icma seçkilərlə bağlı müraciət qəbul edib. Biz bu müraciətdə də bildirmişik ki, prezident seçkiləri ərəfəsində Azərbaycanda yaşayan dağ yəhudiləri yeganə layiqli namizəd kimi İlham Əliyevi yekdilliklə dəstəkləyir və bundan sonra bizim və gələcək nəslimizin müqəddaratını tamamilə ona etibar edirik.
İlya Tixonoviç Zemçenko (Bakı şəhəri xristian baptist dini icmasının sədri):
- Bir din adamı olaraq Azərbaycandakı dini durumun həm müsbət, həm də mənfi tərəflərini görürəm. Ümumi dəyərləndirsəm, deməliyəm ki, vəziyyət ortadan bir qədər yuxarıdır. Şükür Allaha, Sovetlər dönəmindəki kimi dini birdəfəlik boğmaq cəhdlərinə rast gəlinmir. Ancaq bununla yanaşı hələ də köhnə təfəkkürdə qalan məmurlar var. Çünki 20 il elə də böyük müddət deyil ki, təfəkkürlər tam yenilənsin. Hər halda etiraf etməliyik ki, bizim gənc prezidentimiz müsbət dəyişikliklər etməyə ciddi səy göstərir. Buna görə də Allahımıza çox şükür edirik və bu proseslərin davamlı olacağına ümid edirik.
Qeyd edim ki, Allaha şükürlər olsun ki, biz demokratik bir dövlətin vətəndaşlarıyıq. Hər bir kəs seçimini fərdi surətdə edir. Biz dini icmayıq və təbii ki, icmamızda siyasi məsələləri müzakirə etmirik. Hansısa namizədin təbliğatını da aparmırıq. İcma üzvləri prezident seçkilərində seçim etməkdə sərbəstdirlər.
Rasim Xəlilov (“Həyat sözü” xristian dini icmasının sədri)

Azərbaycanda dini sahədə vəziyyət sabitdir. Bəzi problemlər də var, lakin inanıram ki, hər şey müsbətə doğru dəyişəcək. Məsələn, xristian dini icmalarının qeydiyyat məsələsindəki problemləri göstərə bilərəm. Lakin ümumi olaraq deyə bilərəm ki, müsbətə doğru çox dəyişikliklər var. DQİDK son zamanlar dini icmalara qarşı yaxşı münasibət göstərməyə başlayıb. Bizim yəhudi və müsəlman dini icmalarla birgə toplantılarımız, ağac əkmək, qocalar evinə baş çəkmək kimi aksiyalarımız oldu. Qocalar evində yaşlılara dini icmalar tərəfindən hədiyyələr təqdim olundu. Qocalarla həmsöhbət olduq, onlara dualar etdik. Mənim üçün bu onu göstərir ki, ölkədə dini sahədə müsbət mənada dəyişiklik var.
Bizim dini icmanın bütün üzvləri seçkilərdə iştirak edəcək. Bizim icmanın rəhbərliyi də bu barədə təbliğat aparır ki, insanlar seçki günü evdə oturmasınlar. Mən dəqiq deyə bilmərəm kim kimə səs verəcək. Bu insanların şəxsi seçimidir. Biz də onları bu məsələdə yönləndirə bilmərik, lakin bizim icmanın bütün üzvləri seçkilərdə iştirak edəcək.
“İyeqova Şahidləri” dini icmasının mövqeyini də öyrənməyə cəhd göstərdik. Lakin icma sədri Leonid Aleksandroviç Moroz suallarımızı cavablandırmaqdan imtina etdi və “Kirill Aleksandroviçə müraciət edin” deyərək bizi bu adama yönləndirdi. Lakin o da, “mən Bakıda deyiləm, ona görə cavab verə bilmərəm” söyləyərək mövqe bildirməkdən boyun qaçırdı. Xatırladaq ki, bu icma ümumiyyətlə dünyada heç bir siyasi quruluşu, dövləti və dövlət atributlarını, o cümlədən Azərbaycanın dövlət atributlarını qəbul etmir.
İslam.az