2013-cü il seçkilərində Azərbaycandakı dini icmalar hansı formada iştirak edəcəklər?
Proqnozlar
Bir çoxları düşünürdü ki, 2013-cü il seçkilərində Azərbaycan hakimiyyətinin əsas müxalifəti kimi dindarlar, ruhani liderlər çıxış edəcəklər. Əslində buna kifayət qədər əsas da vardı. Hələ 8 il əvvəl bir sıra müxalifət liderləri, politoloq və təhlilçilər dindarların sayının artdığını, yaxın illərdə onların siyasi proseslərə qarışmasının qaçılmaz olacağını iddia edirdilər.
Sonrakı illərdə hökumətin bəzi qurumlarının din sahəsində qadağalar tətbiq etməsi – azan qadağası, Quran kurslarının qapadılması, bir neçə məscidin sökülməsi və ya bağlanması – ölkədə dindarların sayının sürətlə artmasından doğan narahatlıqla izah olunurdu. Ancaq eyni zamanda bu qadağalar həm də dini icmaları fəallaşdırıraraq aktiv elektorata çevirirdi. Əsasən gənclərdən ibarət olan dindar qrupların fəal çıxışı 2009-cu ildə Bakıda məscidin söküntüsünə etiraz zamanı nəzərə çarpdı. Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyətinin qarışısına toplaşan dindarlar hətta ultimatum dili ilə danışdılar.
2010-cu il noyabrın sonunda təhsil nazirinin televiziya vasitəsilə orta məktəblərdə hicab qadağası tətbiq olunması ilə bağlı çıxışından 20 gün keçməmiş Bakıda etiraz aksiyası keçirildi. Sonrakı dövrdə Bakıda Təhsil Nazirliyi qarşısında daha 2 aksiya təşkil olundu və bu aksiyalarda 50-dən artıq dindar həbs olundu. Eyni zamanda 2011-ci il yanvarın birinci ongünlüyündən başlayaraq İslam Partiyası rəhbərliyi, ardınca bir sıra ruhanilər həbs olundu. Ümumiyyətlə, dindar həbsləri fasilələrlə bir müddət davam etdi. Eyni zamanda bu dövrdə dindarların xüsusi fəallıq dövrü kimi yadda qaldı, din xadimləri birgə toplantılar, konfranslar təşkil edir, hökumət və QMİ ilə görüşlər keçirərək hicab qadağası ilə bağlı danışıqlar aparmağa çalışırdılar. Bütün bunlar həm də dini camiənin təşkilatlanmasının kiçik nümunələri idi.

Hər kəs üçün aydın idi ki, hicab qadağası, baş verən həbslər dindarları hökumətdən xeyli dərəcədə narazı salıb. Xüsusən də hicab qadağasının tətbiq olunması, hətta bu günə qədər ictimai-siyasi proseslərdən tamamən kənarda qalan, yalnız dini hökmləri icra etməklə kifayətlənən sıravi dindarları belə narahat edirdi. Çünki bir çoxları qadağanın təsirini real olaraq ya öz ailəsində, yaxud da ən azından öz icmasında hiss edirdi. Bu baxımdan bir çoxları əmin idilər ki, dindar elektorat 2013-cü il seçkilərində hakimiyyətin namizədinə səs verməyəcək. Xüsusən də “ərəb baharı” hadisələri, təxminən həmin dövrdə ardıcıl olaraq həbs olunan ruhanilərin siyasi müxalifət tərəfindən müdafiə olunması, eyni zamanda bəzi dini liderlərin müxalifətə birlik mesajları belə bir fikir formalaşdırırdı ki, 2013-cü il seçkilərində narazı dini elektorat müxalifətin yanında olacaq.
Reallıq
Lakin sonradan, seçki zamanı yaxınlaşanda və bununla bağlı siyasi aktivliklər başlayanda məlum oldu ki, narazılıqları olsa da, dindar elektoratın heç də hamısı müxalifət tərəfdə yer almaq fikrində deyil. Nəinki hamısı, hətta çox hissəsi. Hətta dini aksiyaların ən fəal dövründə, hüquq mühafizə orqanları tərəfindən bu aksiyalara qarşı yönəlmiş təzyiqi bilavasitə öz üzərində hiss etmişlərin də bir qismi, intiqam hissindən də olsa, həmin müxalif siyasi cəbhədə yer almağı planlaşdırmır. Bunun səbəblərini biz bir azdan araşdıracağıq, hələlik isə hadisələrin davamına, narazılığını siyasi fəaliyyət müstəvisinə keçirən dindarların sonrakı addımlarına da nəzər salaq.
Bu ilin mayın sonunda müxalifət Milli Şuranı təsis edərək seçkilərə hazırlaşanda qurumda aktiv narazı ruhanilərin adları vardı. Son illərdə narazı dindarlar arasında xeyli dərəcədə populyarlaşan İslam Partiyasının sədri Mövsüm Səmədov, ruhanilər Abgül Süleymanov və Taleh Bağırov, həmçinin İslam Partiyasının sədr əvəzi Elçin Mnafov, Natiq Kərimov və daha bir neçə nəfər Bakı kəndləri təmsilçisi Milli Şurada dini camiəni təmsil edirdi. Eyni zamanda bir sıra ruhanilər açıq olmasa da Milli Şuraya dəstəklərini bildirirdilər. Hər şey bir müddət belə davam etdi.
Bölünmə
Ancaq təxminən iki aydan sonra, iyul ayının sonlarında məlum oldu ki, narazı dini elektoratın əsas liderlərindən olan İslam Partiyası sədri Mövsüm Səmədov və ruhani Abgül Süleymanov da Milli Şurada olmaq istəmirlər. İyulun 24-də 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Mövsüm Səmədov həbsxanadan göndərdiyi açıqlamada bildirirdi ki, Milli Şurada təmsil olunmağı onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən məqbul deyil. Sitat: “Zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik”.
Yeri gəlmişkən, həmin dövrdə İslam Partiyası üzvləri ölkə boyunca M.Səmədovun namizədliyi ilə bağlı imzatoplama kampaniyası həyata keçirdiklərini bəyan etmişdilər. İslamçılar 100 mindən artıq imza topladıqlarını bildirsələr də, sonradan bu imzalar üzə çıxarılmadı. Ancaq eyni zamanda İslam Partiyası elan etdi ki, M.Səmədovun namizədliyi ilə bağlı müraciət MSK tərəfindən qəbul olunmur. Bununla da M.Səmədovun prezidentliyə namizədliyi məsələsi gündəmdən çıxdı. Ancaq gözlənildiyi kimi, İslam Partiyası rəhbərliyi Milli Şuraya deyil, Ədalət Partiyası və Yaşıllar Partiyası ilə bilrikdə “Vətən” blokuna qoşuldu. Sentyabrın 6-da isə İslam Partiyası prezident seçkilərində İlyas İsmayılovun namizədliyini dəstəkləməklə bağlı qərar qəbul etdi. AİP Baş Məclisinin bu qərarı dini camiədə birmənalı qarşılanmadı.
Digər ruhani Hacı Abgül Süleymanov da təxminən həmin dövrdə Milli Şura üzvlüyündən imtina etdi. İyul ayında həbsxanadan müraciət göndərən A.Süleymanov Milli Şurada olmadığını bildirirdi: “Mətbuatda bizim müstəqil mövqeyimizi əks etdirməyən, guya siyasi bloklara qoşulmağımız barədə xəbərlər səhvdir, iradəmizin əleyhinə olaraq adımızdan istifadə edilməsi halları tamamilə yanlış addımdır. Biz özümüz qurum təsis etmək, hər hansı qüvvələrlə, qurumlarla ittifaqa getmək və ya digər istənilən ictimai-siyasi fəaliyyətimizlə bağlı açıqlama vermək istəyəriksə, bu barədə hamı mənim öz dilimdən eşidib biləcək”.

Bununla da narazı dini camiənin iki əsas fiquru rəsmi şəkildə müxalifətin birliyindən kənarda qaldı. Yalnız ilahiyyatçı Taleh Bağırov və həmçinin N.Kərimov müxalifətin birliyində qaldıqlarını bəyan etdilər. İslam Partiyasının sədr əvəzi Elçin Manafov da Milli Şurada olmadığını, sadəcə adının “kimlərsə” tərəfindən Milli Şuraya üzv yazıldığını, ancaq qurumun iclaslarına qatılmadığını bildirdi.
Maraqlıdır ki, 2003-cü ildə Müsavat Partiyasının sədri İsa Qəmbəri dəstəklədiyi üçün məsciddən çıxarılan Cümə məscidinin imam-camaatı Hacı İlqar ibrahimoğlu da Milli Şuraya qatılmadı. O, müxalifətin daha əvvəlki birliyi olan İctimai Palatanın rəhbərliyində (Koordinasiya Şurası) təmsil olunsa da Milli Şuraya qatılmadı.
Beləliklə, 2013-cü il prezident seçkilərinə narazı dindar elektorat vahid qüvvə kimi getmədi. Əvvəla, dindar camiənin özünün siyasi və təşkilati imkanları xeyli dərəcədə zəif olduğu üçün dindarların “öz namizədi” olmadı. İslam Partiyasının həbsdə olan sədrinin namizədliyinin irəli sürülməsi ilə bağlı cəhd isə xeyli dərəcədə uğursuz oldu və dini qurumların siyasi və seçki təcrübəsinin lazımı səviyyədə olmadığını ortaya qoydu.
Yeganə seçim
Ortada qalan yeganə variant dini camiədə etirazçı kimi tanınan əsas ruhani liderlərin çağırışı ilə siyasi müxalifətə dəstək verməsi və seçkilərdə ortaq hərəkət etmək ola bilərdi. Ancaq yuxarıda qeyd olunduğu kimi bu istiqamətdə cəhdlər olsa da, son nəticədə onlar da gündəmdən çıxarıldı. Üstəlik İslam Partiyasının addımı aktiv dindarlar arasında fikir ayrılığına və müzakirələrə səbəb oldu. Sanki bu əhval ruhiyyəyə cavab olaraq, Mövsüm Səmədov sentyabrın 28-də həbsxanadan göndərdiyi açıqlamada seçkiləri ümumən boykot etdiyini bildirir. Onun bu mövqeyi ortada olan suallara nəinki aydınlıq gətirmədi, üstəlik yaranmış qeyri-müəyyənlik ab-havasını daha da tutqunlaşdırdı. Abgül Süleymanov isə faktiki olaraq müxalifətlə əməkdaşlıqdan imtina elədi.
Beləliklə, dini icmalar son nəticədə bu ilki seçkilərə vahid ideya ətrafında getmir. Bütün birlik proqnozlarına rəğmən dini camiə hələ də vahid mövqedən çıxış etməyə hazır deyil. Daha əvvəldən gözlənilən və kifayət qədər real görünən birlik və ya ən azı narazı dini liderlərin vahid mövqedən çıxış etməsi hadisəsi də baş vermədi. Əksinə, camiə daxilində müzakirələri daha da dərinləşdirdi və parçalanmanı miqyasını böyütdü. Təbii ki, bu vəziyyətin yaranmasında bir sıra daxili və xarici amillər xüsusi rol oynadı. Bu amilləri biz gələn yazımızda daha geniş açıqlayacayıq, amma hadisələri qabaqlayaraq hazırki yazıda bəzi məqamlara da toxunaq.
Bir məqamı qeyd etmək son dərəcə zəruridir. Bütün yuxarıda yazılanlardan belə anlaşılmamalıdır ki, dindarların hamısı kütləvi şəkildə müxalifətə, Milli Şuraya doğru yönəlmişdilər, lakin Mövsüm Səmədov, Abgül Süleymanov və digərlərinin müdaxiləsi bu mütəşəkkilliyi pozdu. Bu, əsla belə deyil. Çünki Azərbaycanda dini cəmiənin böyük bir hissəsi hələ əzəldən müxalifətə qoşulmaq niyyətində deyildi və hakimiyyətə loyallığı və ya ən azı, dini cameə ilə dövlət arasında yaranmış status-kvonu qorumaq niyyətində olması ilə seçilirdi. Buna ən bariz nümunə kimi isə ölkədə kifayət qədər böyük nüfuza malik və ən böyük dindar kütləsinə müraciət etmək iqtidarında olan Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənlini göstərmək olar. Eyni zamanda bayaq qeyd etdiyimiz kimi, hətta hüquq mühafizə orqanlarının təzyiqini bilavasitə öz üzərində hiss etmişlərin də arasında cəmiyyədəki mövcud vəziyyəti qorumaq tərəfdarı olanlar var idi. Bundan əlavə, respublikada onlarla kifayət qədər tanınmış dini liderlər və icma rəhbərləri var idi ki, mövcud dini durumla bağlı müəyyən narahatlıqları bölüşsələr də, dindarları müxalifətlə birləşdirmək cəhdlərini avantyura və açıq aşkar Qərbin layihəsi kimi dəyərləndirirdilər. Zənnimizcə bu tipli dini liderləri fərqləndirən əsas xüsusiyyətlər reallığı soyuqqanlılıqla dəyərləndirmək qabliyyəti, avantüralardan daim uzaq olma, ən əsası isə orta, mötədil yolla addımlama istəyi olmuşdur.
Beləliklə, bütün yuxarıda söylənələri ümumiləşdirərək deyə bilərik ki, inanclılar bu seçkilırdə mövqelərinə görə bir neçə qrupa bölünəcəklər. Baxmayaraq ki, böyük əksəriyyəti müəyyən səbəblər üzündən müxtəlif dövrlərdə hazırki hakimiyyətdən incik düşmüşdülər, bu incik kütlənin müxalifətə hansı səbəblər üzündə birləşməməsi sualına isə növbəti yazıda aydınlıq gətirməyə çalışacağıq.