"Mömini" ilahi nəğmələr qrupunun rəhbəri Hacı Mehdi Dərbəndi və qrupun üzvləri Seyid Rövşən, Kərbəlayi Hikmət dini tədbirlərdə ilahi mahnıları ilə çıxış etməkdən məmnun olduqlarını bildiriblər. Lakin televiziyaların dini mahnılara və dini qruplara diqqətsizliyi onların narazıçılığına səbəb olub.
Qrup rəhbəri verdiyi açıqlamasında bildirib ki, qrupun bir neçə telekanala müraciət etməsinə baxmayaraq, heç bir telekanal qrupu verilişlərə dəvət etməyib. "Bizim xidmətimiz islama, peyğəmbərimizə və onun əhli-beytinə xidmətdir. 5 il müddətində 5 albom hazırlamışıq", - deyən Hacı Mehdi Dərbəndi onu da əlavə edib ki, qrupun hazırladığı son albom ötən il işıq üzü görüb. "Biz əsgərlərlə görüşlərdə müntəzəm iştirak edirik. Uşaq evlərində və qocalar evində tez-tez oluruq ", - deyən qrup üzvləri özlərini heç vaxt reklam etmək fikrində olmadıqlarını da bildiriblər.
Qrup rəhbəri hazırda yeni mahnılar üzərində işlədiyini də bildirib. Qeyd edək ki, albomlarda yer alan mahnıların əksəriyyəti qrup üzvlərinə məxsusdur. // SİA