Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə Qaradağ rayonu, Qobustan qəsəbəsində fəaliyyət göstərən İslam Dini İcmasının rəhbəri, qəsəbə məscidinin imamı Şeyx Üzeyir Simirov ifadə verib.
O, ifadəsində "Əhli sünnə-əl-cəmaət" təriqətinə mənsub olduğunu, təqsirləndirilən şəxslərdən isə heç birisini tanımadığını qeyd edib: "Ola bilər ki, bunlardan hər hansı biri bizim məscidimizdə ibadətlə məşğul olsun və məni tanısın. Amma bu o demək deyil ki, mən onları tanıyıram".
O rəhbəri olduğu dini icmanın, həmçinin Qobustan qəsəbə məscidinin Rafiq Əliyevin Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi dövrdə dövlət qeydiyyatına alındığını və o gündən bəri hər hansı bir problemlə qarşılaşmadıqlarını söyləyib. Azərbaycanda vəhhabiliyə və nurçulara qarşı mübarizə aparan təftiş komissiyasının üzvü olduğunu məhkəmənin diqqətinə çatdıran Şeyx Üzeyir bununla yanaşı islam aləmində "vəhhabi" adında təriqətin olmadığını bəyan edib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı "LUKoyl" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar. // APA