"Azərbaycan" nəşriyyatının kollektivi İsa peyğəmbər (a.s) barəsində təhqiredici yazı dərc etmiş "yeni xəbər" qəzetinin bu hərəkətinə etiraz olaraq qəzetin redaksiyası ilə bütün əlaqələrini kəsib. Bu barədə "Trend"ə Mətbuat Şurasından məlumat verilib. "Azərbaycan" nəşriyyatından Mətbuat Şurasına bildirilib ki, "Yeni xəbər" qəzetinin 2006-cı il 11 fevral tarixli nömrəsində dərc olunmuş və dini heysiyyatlara toxunan yazı nəşriyyatın kollektivini hiddətləndirib. Qəzet, həmçinin, nəşriyyatla bağlanmış müqavilənin şərtlərini də pozub. Bu il "Azərbaycan" nəşriyyatı ilə çap müqaviləsi bağlamasına baxmayaraq, "Yeni xəbər" qəzeti İsa peyğəmbər (a.s) haqda yazı dərc olunmuş qəzeti başqa mətbəədə çap etdirib. Lakin həmin nömrənin son səhifəsində qəzetin guya "Azərbaycan" nəşriyyatında çap olunduğu göstərilib. "Azərbaycan" nəşriyyatının kollektivi "Yeni xəbər" qəzetinin bu hərəkətini etirazla qarşılayıb və müqavilənin şərtlərini pozduğuna görə, qəzetin redaksiyası ilə əlaqələrini kəsib.