Hərbi orkestrdə işləmək və ya simfonik orkestrin tərkibində musiqi ifa etmək haramdırmı?
Din alimləri musiqinin haram olması meyarını müxtəlif cür dəyərləndirmişlər. Bəzi alimlərin fikrincə, əyləncə və kef məclislərinə xas olan musiqiləri ifa etmək və dinləmək haramdır. Bəziləri musiqinin ritmi insanı Allahdan yayındırırsa və oynadırsa, bu cür musiqini haram sayırlar. Bəzi alimlər isə musiqinin sözlərini meyar kimi götürüb, haram sözlərin üzərində qurulan nəğmələri haram kateqoriyasına aid edirlər. Hərbi orkestrlə ifa edilən musiqilər və simfonik əsərlər demək olar ki, heç bir halda bu 3 dərəcəyə aid olmur. Hərbi orkestrlə adətən ya hərbi marşlar, ya da vətənpərvərlik nəğmələri ifa edilir ki, bunlar günah musiqi deyil. Simfonik əsərlər də adətən nə dinləyicini Allahdan uzaqlaşdıraraq oynadır, nə də günah sözləri ehtiva edir. Nə hərbi orkestrin, nə də simfonik erkestrin alətləri kef məclislərində istifadə olunmur. Ona görə bu iki növ musiqini ifa etməyin və ona qulaq asmağın haram olmadığını düşünürük.