Bir gün Həzrət İsa (ə) yol gedərkən abid xristianlardan birini görür və onunla həmsöhbət olur.
Bu zaman pis işləri ilə məşhur olan bir gənc uzaqdan onlara doğru yaxınlaşır. Gənc oğlan Həzrət İsanı (ə) və abidi görərək ayaqları əsməyə başlayır və yerində donub qalır və əllərini Allahın dərgahına açaraq deyir:
“Allahım! Öz çirkin əməllərim və etdiyim günahlara görə çox peşmanam. Allahım! İndi İsa (ə) məni görsə və etdiyim günahlara görə məni danlasa, mən nə edərəm? Ey uca Rəbbim, tövbəmi qəbul et və abrımı aparma!”
Cavan dua etdikdən sonra İsaya (ə) və abidə yaxınlaşmağa davam edir. Onu görən abid isə “Allahım! Qiyamət günü məni bu gənclə məşhur etmə!” deyə dua edir. Bu zaman Həzrət İsaya (ə) Allahdan vəhy olunur ki, abidə desin:
“Biz sənin duanı qəbul etdik və səni o gənc ilə məhşur etməyəcəyik. O, etdiyi tövbəsinə görə, behiştə gedəcək, sən isə etdiyin ibadətlərlə təkəbbürləndiyin və başqalarını özündən aşağı gördüyün üçün cəhənnəmə gedəcəksən”.
P.S. İstənilən halda təkəbbür insanı məhvə doğru aparır. Allah üçün edilən istənilən ibadətdə təkəbbür etmək, ibadətlərinlə özünü başqasından üstün hesab etmək, tez-tez "mən" deyərək ilahi niyyəti dəyişmək insanı həlakətə, Cəhənnəmə doğru aparır... Ancaq yaddan çıxarmayaq ki, Allah tövbə edənləri sevir və hər bir insana ölüm anına kimi tövbə etmək şansı verir...